"Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, həmçinin TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunu olduqca cəlbedici logistik mərkəzə çevirəcək". Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata açıqlamasında deyib. O, Gürcüstanın dövlət başçısı ilə görüşdə regional məsələlərin, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh bəyannaməsinin reallaşdırılmasının müzakirə olunduğunu bildirib.
Erməni politoloq Aleksandr İskəndəryan da deyib ki, Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün iştirakçılarının maraqlarının uzlaşdırılması asan deyil, amma bu, mümkün olmadığı anlamına gəlmir. Sadəcə, bu proses çox ciddi və həssas iş tələb edir. Ekspert İrəvanın təklif etdiyi “Sülh qovşağı” və “Tramp yolu” (yaxud Zəngəzur dəhlizi) layihələrinin perspektivlərinə toxunub: "Xüsusilə “Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır. Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Mütləq nəzərə almalıyıq ki, vəziyyət mürəkkəbdir: Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda türklər. Həmçinin, iranlılar Ermənistana yol çəkirlər, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya da Qafanda konsulluq açmaq istəyir. İndi bunlara amerikalıları da əlavə edirik, indi bütün bunların necə həll edilə biləcəyini düşünməliyik. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu, mümkünsüz deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir”. Erməni politoloq prosesin mürəkkəb və uzunmüddətli olduğunu bildirib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Ermənistan ətrafında geosiyasi mübarizə hələ bitməyib. Alimin sözlərinə görə, "TRİİP" layihəsinə yanaşmada əsas istiqamətlərdən biri xarici güc vektorlarının Ermənistanla bağlı hesabları, İrəvanın siyasətinin hansı istiqamətə yönələcəyi ilə bağlıdır: "Orta Dəhlizin şaxələndirilməsi, Cənubi Qafqazda kommunikasiyalar, Azərbaycanın yüksələn rolu, yeni dünya nizamının qurulmasında ortaya çıxan parametrlər və s. hamısı birlikdə dəyərləndirilməlidir. Nəzərə alaq ki, Ermənistanın milli müstəqilliyi çox kövrəkdir və İrəvan xarici güc faktorlarından, xüsusi xidmət orqanlarından asılıdır. İrəvanın daxili siyasətini daha çox bu nüanslar dizayn edir. "TRİİP" layihəsi məsələsində ABŞ və Ermənistan arasında razılığın olduğu, daha doğrusu, müzakirələrin getdiyi deyilir. Amma bəzi detallar hələ açıq qalır. Rusiyanın bu məsələdə Ermənistan üzərində təsir mexanizmləri olacaqmı? Paşinyanın mövqeləri sabit qalacaqmı? Bu suallar cavabsızdır. Dəhliz məsələsində əsas rəqabət mühüm qlobal yola kimin nəzarət etməsi ilə bağlıdır. Əslində, tarix boyu sürən mübarizə bu gün də davam etməkdədir. ABŞ-Çin və ABŞ-Rusiya münasibətləri bu işin əsasını təşkil edir".
T.Nüsrətoğlu vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin gələcəyinin necə olacağı, Vaşinqton-Moskva danışıqlarının hansı məcraya yönələcəyi də önəmli məqamlardır: "Əgər ABŞ və Rusiya müzakirələrində müsbət nəticə olarsa, Vaşinqton və Moskva "TRİİP" layihəsində də razılıq əldə edə bilər. Yəni Ermənistanı geosiyasi mübarizə məkanına çevirmək əvəzinə əməkdaşlıq məkanına çevirə bilərlər. Dəhlizin işlədilməsi, təhlükəsizliyin təmin olunması və s. məsələlərdə razılaşma çox mühümdür. Əks təqdirdə, xarici güclərin bölgədə ən zəif halqa olan Ermənistan üzərindəki mübarizəsi davam edəcək. Onu da xüsusi vurğulayaq ki, Orta Dəhlizin əsas ölkələri türk dövlətləridir. Dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsi sadəcə 42-43 kilometrlik bir məsafəni əhatə edir. Yəni Türk dünyası və Türk Dövlətləri Təşkilatının təhlükəsizlik qarantiyası olmadan, xüsusən Azərbaycansız Orta Dəhlizin işləməsi mümkünsüzdür. Türk dövlətləri hərbi gücü ilə də ön plana çıxır. Yenə deyirəm, burada mübarizə məkanı Ermənistandır".









