Bir vaxtlar şəhərin mərkəzi hissələrindən birində yaşayan sakinlər binaları söküləndən sonra çıxılmaz vəziyyətdə qalıblar.
Sakinlər deyirlər ki, 2017-ci ildə evləri plana düşərkən seviniblər, ancaq sevinləri çox uzun çəkməyib. Şikayətçilərin sözlərinə görə, kirayə pulları verilmədiyinə görə öz hesablarına şəhərətrafı qəsəbələrdə yaşamağa məcbur qalıblar.
Onlar mövcud vəziyyətlə bağlı məhkəməyə müraciət ediblər. Dediklərinə görə, məhkəmə onların xeyrinə qərar verib, amma qərar icra olunmur. Müraciətləri isə illərdir ki, nəticəsizdir.
Qeyd edək ki, bir neçə il bundan öncə paytaxda yeni tikilən binalarda bir mənzilin bir neçə şəxsə satılması faktı geniş miqyas almışdı. Bu istiqamətdə çoxsaylı məhkəmə prosesləri gedirdi. Son vaxtlar isə vətəndaşlar yenidən bu problemlə üzləşirlər.
Digər bir problem isə odur ki, bir ərazi şirkət tərəfindən alınırsa, orada yaşayan vətəndaşa həmin ərazidə deyil, ucqar bir ərazidə ev təklif olunur. Vətəndaş isə bununla razılaşmır, uzun illər yaşadığı ərazidə yaşamaq istəyir.
Niyə son vaxtlar şirkətlərlə vətəndaş arasında bu qəbildən problemlər yenidən vüsət alıb.
Hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əvvəllər vətəndaşlar alacaqları mənzilin bir neçə nəfərə satılması ilə bağlı problemlər yaşayıblar:
“Belə ki, bir mənzil 5-6 nəfərə satılırdı. Bununla bağlı bir çox şirkətlərdə məsul şəxslərlə bağlı cinayət işləri başladı, hökm verildi. Elə proseslər var idi ki, orada 300-500 nəfər zərəçəkmiş şəxs kimi tanınmışdı.
Yəni onlardan evin pulu alınmışdı, ancaq ev təqdim olunmamışdı. Bununla bağlı prokurorluqda, istintaq orqanlarında aparılan cinayət işlərinin nəticəsində vətəndaşlar da bir qədər ayıq-sayıq davranmağa başladılar. Bu proseslərin sayı müəyyən obyektiv və subyektiv səbəblərdən azalmağa başladı. Təəssüflər olsun ki, son günlər sosial şəbəkələrdə vətəndaşların oxşar şikayətlərinin artması ilə bağlı müşahidələr var.
Bunun səbəbini tam əminliklə demək mümkün deyil. Ola bilsin ki, bu sahəyə nəzarət azalıb və belə hallar yenidən gündəmə gəlib. Vətəndaşlar mənzil-tikinti kooperativlərindən, binanı tikən şirkətlərdən ev alan zaman müqavilə bağlayanda, kifayət qədər diqqətli olmalıdırlar. Çünki sonradan bu problemləri həll etmək çox çətin olur. Müəyyən rəsmiləşdirmələr aparılır, cinayət işi başlanılır, müəssisənin direktoru həbs olunur.
Ancaq vətəndaşlara dəyən ziyanın geri qayıtması kifayət qədər çətin olur. Yəni həmin şəxslər həbs olunsa, cəza verilsə də, onların öz adında heç bir əmlak, heç bir gəlirləri olmadığı üçün vətəndaşlara vurulan ziyanın geri qaytarılması mümkünsüz olur.
Bu baxımdan, vətəndaşlar daha etibarlı, əvvəllər başqa yerlərdə bina tikmiş və heç bir problem yaşamamış şirkətlərlə müqavilə bağlayıb, onlardan mənzil almağa daha çox üstünlük verməlidirlər. Yeni yaranmış, tanınmayan şirkətlərdə bu proseslər mümkündür”.
Yeni bina tikilərkən ərazilərin alınmasına gəldikdə isə hüquqşünas deyir ki, sakinlərlə müqavilə bağlanması prosesi var:
“Əvvəllər bu qayda fərqli idi. Bu işlər torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı qanunvericiliyə uyğun həyata keçirilirdi. Yəni Nazirlər Kabineti qərar qəbul edirdi və ərazi üzrə icra hakimiyyətinə tapşırılırdı ki, həmin ərazidə olan evlər, torpaqlar dövlət ehtiyacı üçün alınsın. Alındıqdan sonra hər hansı bir şirkətə bina tikilməsi üçün icazələr verilsin.
Belə olduqda da vətəndaşlar müəyyən qədər itkilərlə qarşılaşırdı, razılığın əldə olunması çətin olurdu, məhkəmələr başlayırdı. Ya icra hakimiyyəti məhkəməyə müraciət edirdi, bir çox hallarda vətəndaşlar verilən kompensasiya ilə razılaşmadığı üçün məhkəmələrə müraciət edirdilər.
Bu proseslər kifayət qədər uzanırdı. Həmin müddətdə də vətəndaşlara maddi ziyan dəyirdi. Sonradan dövlət orqanları anladılar ki, şirkət kifayət qədər pul qazanır, buna rəğmən vətəndaşla dövlət orqanları məhkəmədə üz-üzə qalırlar. Buna görə də yeni metoda keçildi. Pilot layihə deyilən bir metoddan istifadə edildi.
Şirkətlərə imkan verildi ki, yeni tikiləcək ərazidə vətəndaşlarla özləri danışsınlar, müqavilə bağlasınlar. Vətəndaşı da, şirkəti də təmin edən razılaşmanı əldə etsinlər və bundan sonra tikinti işlərinə başlasınlar. Yəni vətəndaşlar öz əmlaklarını şirkətlərə hansı şərtlərlə satmaqda sərbəstdirlər.
“Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunda torpaqların, əmlakların, binaların, evlərin hansı əsaslarla alınması ilə bağlı müəyyən qaydalar var. Ancaq pilot layihələrdə şirkət vətəndaşla danışması, artıq ortaq məxrəcə gəlmək şirkətlə vətəndaş arasında olan məsələdir.
Vətəndaş təbii olaraq öz əmlakına istədiyi dəyəri qoya bilər, şirkətə də uyğundursa, onun dəyərini ödəməklə həmin əmlakı əldə edə bilər. Həmin müqavilədə müxtəlif şərtlər nəzərdə tutula bilər. Ola bilər ki, evin tam dəyəri ödənilir, yaxud bəzi hallarda öz əmlakını şirkətə satan şəxsə yeni binadan mənzil verilir.
Tikinti gedən, həmin vətəndaşın kirayədə qaldığı müddətdə çəkilən xərc şirkət tərəfindən ödənilir. Yəni müxtəlif şərtlər nəzərdə tutula bilər. Pulu ödəyib, həmin şəxsin başqa yerə köçürülməsi şərtinin bütün hallarda keçərli olması düzgün deyil. Şirkətlə vətəndaş öz aralarında müxtəlif formatda razılığa gələ bilərlər”.
Həmsöhbətimiz deyir ki, şirkətin vətəndaşa onun seçdiyi ərazidə yaşaması kimi tələb qoymaq hüququ yoxdur:
“Vətəndaşın hüququ var. Məsələn, Səbail rayonu ərazisində özünə məxsus olan evə elə bir dəyər qoyur ki, həmin dəyərin əvəzində yenə də həmin rayonun ərazisində, oxşar şəraitli mənzili əldə edə bilsin. Yəni vətəndaşın hüququdur ki, şərtlərini irəli sürüb tələb etsin və şirkət də o tələblər uyğun davransın”.









