Məşhur ukraynalı jurnalist Dmitri Qordon ona qarşı sui-qəsd hazırlandığını bildirib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, rusiyalı jurnalist Stanislav Kuçerə müsahibəsində danışıb.
“Son il yarımdır öz evimdə yaşaya bilmirəm, çünki mənə qarşı ova başlanılıb”, - Qordon qeyd edib.
Jurnalistin sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Xidməti daha əvvəl ona qarşı sui-qəsd planlaşdıran bir neçə qrupu saxlayıb.
Bununla belə, o, hələ də Ukraynada dövlət mühafizəsi altında yaşadığını bildirib.
Qeyd edək ki, 2024-cü ilin iyulunda Moskva məhkəməsi Dmitri Qordonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Rusiya tərəfi bunu Qordonun Rusiyaya nüvə zərbəsi endirməyə çağırışlar etməsi və ölkənin Silahlı Qüvvələri haqqında yalan məlumatlar yayması ilə əsaslandırmışdı.










