Ötən gün Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri diqqət çəkdi.
Məlumata görə, heyətin tərkibində Azərbaycan Milli Məclisinin deputatları – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayevi yer alıblar.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-a səfəri zamanı regionda sülh prosesinin qorunması və iki ölkə arasında münasibətlərin gələcək inkişafının əsasları müəyyənləşdirildi:
“Hazırda Vaşinqton görüşündə razılaşdırılmış məsələlərin həlli ilə bağlı işçi heyətlərin fəaliyyətinə ehtiyac duyulur. Azərbaycan parlamentinin nümayəndə heyəti və Xarici İşlər Nazirliyinin rəsmisinin indiki səfəri də bu məqsədlərə xidmət edir. Səfər zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişaf etdirilməsi məsələləri müzakirə oluna bilər. Proses çərçivəsində parlamentin rolu nəzərdən keçiriləcək.
Bu vaxta qədər Azərbaycanla Ermənistan arasında bir neçə istiqamətdə xeyli işlər görülüb. Azərbaycan nəqliyyat keçidlərini Ermənistanın üzünə açıb, hava məkanından istifadəyə icazə verib, vətəndaş cəmiyyətinin üzvlərinin qarşılıqlı səfərləri reallaşdırılıb. İndi prosesi davam etdirmək üçün yeni mərhələyə keçid tələb olunur. Parlamentlərarası əməkdaşlıq ictimai etimadın artırılması üçün yaxşı təcrübə sayılır. Azərbaycan nümayəndə heyətinin ABŞ səfərində bu məsələlər diqqət mərkəzində olacaq.
TRİPP (Zəngəzur dəhlizi-red.) layihəsinin reallaşması üçün sülh istiqamətində davamlı addımlara ehtiyac var. Rəsmi Vaşinqton anlayır ki, sülh prosesində kiçik səhvlər onun bütün planlarının pozulmasına və regiondan sıxışdırılıb çıxarılmasına səbəb ola bilər. Ona görə də, Cənubi Qafqaza ABŞ rəsmilərinin son vaxtlar həssas yanaşmasının şahidi oluruq”.










