“5 noyabr 2025-ci ildə faktiki olaraq mövcud olmayan AVP İdarə Heyətinin iclasının keçirilməsinə və 12 rayon təşkilatının sədrinin və təşkilatın fəaliyyətinə xitam verilməsinə dair saxta sənəd yayımlanıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Elçin Ağamalı sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, sözügedən məsələ ilə əlaqədar olaraq fəaliyyətinə "xitam" verilən təşkilat sədrlərinin bir qrupu 2023-cü ildən sonra İdarə Heyəti tərəfindən qəbul olunan qərarların legitimliyinin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib:
“2024-cü ildə sədr müavini təyin olunan Günay Ağamalının da təyinatının legitimliyinə dair rəy bildirmək Ədliyyə Nazirliyindən xahiş olunub. Eyni məsələlərlə bağlı rayon təşkilatının rəhbərləri tərəfindən yaxın günlərdə məhkəməyə də müraciət olunacaq.
Təəssüf ki, partiyada yaranmış böhranın aradan qaldırılması üçün məsələlərin danışılaraq həll olunması istiqamətindəki bütün təşəbbüslərimiz uğursuzluğa uğradı”.
Xatırladaq ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib.
Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. Lakin Fəzail Ağamalı bu nəticəni tanımayıb.
Elçin Ağamalı isə qələbəsini sübut etmək üçün müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyini bildirib.










