"Cənubi Qafqazda sabitlik və uzunmüddətli sülhlə bağlı diplomatik anlaşmalar irəlilədikcə böyük sülhün bağlanmasına yaxınlaşırıq. Lakin yekun sülhün tam gerçəkləşməsi üçün daha bir addım atılmalıdır". Bu barədə "Şərq"ə açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, sülhün davamlı olması üçün mütləq mənada Ermənistan daxilində formalaşmış hərbiləşdirilmiş, revanşist və ekstremal millətçi ideologiya ləğv edilməlidir: "Ermənistanın demilitarizasiya və denasifikasiya zərurəti Qafqazda daimi sülhün əsas şərtidir. Çünki bu ideologiya uzun illər boyu dövlət qurumlarını, ordunu, təhsil sistemini və Kilsəni nəzarətdə saxlayaraq Azərbaycanla sülhə qarşı sistemli müqavimət göstərib. Bu səbəbdən Ermənistanın demilitarizasiya və denasifikasiya edilərək, tam hərbisizləşdirilməli və ekstremal millətçi, revizionist ideoloji strukturlardan təmizlənməlidir. Ermənistan müstəqillik əldə etdikdən sonra dövlət modelini “anqlosfer tipli milli dövlət” üzərində qurmadı. Əksinə, siyasi elita və diaspor strukturları ölkəni militarist və qonşulara qarşı ərazi iddiaları üzərində qurulmuş modelə yönəltdi. Bu, faktiki olaraq XX əsrin nasist ideologiyasına bənzər “etnik üstünlük və ərazi iddiası” doktrinasına çevrildi. “Böyük Ermənistan” mifi, 100 ildən artıq müddətdə təbliğ edilən bu ideya region xalqlarına qarşı düşmənçilik yaydı. Uşaqlara və gənclərə məktəblərdə hərbi-siyasi təhsil çərçivəsində oturdulmuş ideoloji xətt təbliğ edildi. Sülhü istəməyən, bölgədəki erməni əhalisindən daha radikal davranan lobbi strukturları dövləti girov götürdülər. Bu ideoloji sistem dəyişmədikcə regionda müharibə riski həmişə qalacaq. Ona görə də Ermənistan dövləti beynəlxalq nəzarət altında hərbisizləşdirilməlidir".
Analitikə görə, şər imperiyası kimi tanınan Rusiyanın Cənubi Qafqazda dayaq nöqtəsi Ermənistanı silahlandırması sülhə təhdiddir: "Son 30 ildə Rusiyanın qonşu ölkələrə qarşı davamlı təcavüzü bunun sübutudur. Revanşist komandirlər, Rusiyaya bağlı hərbi dairələr, “intiqam hərəkatı” bəsləyən elita cəmiyyəti zərərsizləşdirilməlidir. Bir sözlə, militarizmin inkişafı yeni müharibələr üçün zəmin yaradır. Demilitarizasiya Ermənistanı zəiflətmək deyil, müharibə mexanizmini sıradan çıxarmaq üçün vacibdir. Ermənistanın problem kökü təkcə orduda deyil, ideologiyadadır. Revanşist, ekspansionist ideologiya dövlət təbliğatından çıxarılmalıdır. Təhsil və media sistemində radikal nasist ideyalar qadağan edilməli, Kilsə və diasporun siyasi proseslərə aqressiv müdaxiləsi məhdudlaşdırılmalıdır. Denasifikasiya və demilitarizasiya olmadan sülh mümkün görünmür. Əks təqdirdə Qafqazda müharibə ocaqları heç vaxt tam sönməyəcək".









