ABŞ gömrük-sərhəd xidmətinin təmsilçiləri Ermənistana səfər ediblər. Birləşmiş Ştatların İrəvandakı səfirliyi də bunu təsdiq edib. Qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qoşunları ilə birlikdə imkanları qiymətləndirəcək, təkmilləşdirmə sahələrini müəyyən etməyə çalışacaq.
Səfirlik bildirir ki, CGAP adlanan bu metodologiya ehtiyacları dəqiqləşdirməklə sərhəd təhlükəsizliyini möhkəmləndirməyə, strateji investisiyaları yönəltməyə kömək edir. Səfirlik bildirir: “Bu səfər avqustun 8-də Ağ Evdə prezident Donald Tramp və Ermənistanın baş nazir Nikol Paşinyanın imzaladığı memorandumun gerçəkləşdirilməsi yolunda ilk addımdır”.
ABŞ Ermənistan ərazisindən tranzit yolunun gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır. Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Zəgəzur vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərdə “Tramp yolu”nun (TRIPP) çəkilməsi nəzərdə tutulub.
Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan Brendan Hanrahan Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla danışıqlar aparıb. Hanrahan danışıqlardan sonra bildirib: “İrəvanda böyük məmnuniyyətlə elan edirəm ki, Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı planlaşdırırıq. Bu, TRIPP-ni reallığa çevirmək yolunda ilk böyük addımdır”.
Prezident İlham Əliyev hələ iyulun sonunda deyib ki, Azərbaycan yükü və vətəndaşları Ermənistan sərhədçilərinin üzünü görməməlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” telekanalına müsahibəsində qeyd edib ki, Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarını qarşılıqlı şəkildə blokdan çıxarmaq barədə razılığa gəlib: “Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Söhbət həm yollardan, həm də başqa infrastrukturdan gedir. Bu sistemin bir hissəsi - Azərbaycan və Naxçıvan arasında ən qısa əlaqə TRIPP kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Ermənistan və ABŞ dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq. Konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin və s. tikintisi və istismarı ilə məşğul ola biləcək. Hər şey qarşılıqlılığa əsaslanacaq: məsələn, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalını və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik”.
Amerikalı sərhədçilərin bölgəyə gəlişi dəhlizin açılmasını sürətləndirə bilərmi? Rusiya buna seyrçi qalacaq, yoxsa təxribat ssenariləri üçün təzyiq rıçaqlarını işə salacaq?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Ermənistan 10 noyabr sənədini imzalayarkən Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmüşdü, amma müxtəlif bəhanələrlə layihənin reallaşmasından boyun qaçırırdı: “Hər bir halda, Azərbaycan sülh prosesini Ağ Evə qədər aparıb çıxara bildi və dəhlizə nəzarətin Vaşinqtona verilməsi sənədi imzalandı. Azərbaycanı maraqlandıran yolun açılmasıdır və maneəsiz keçidin təmin olunmasıdır. Yəni erməni sərhəd və gömrük xidməti bizi yoxlamadan Naxçıvana gediş-gəliş haqqı bərpa ediləcək. Amma Ermənistan yoxlanış məsələsi ilə bağlı yenə bəzi bəhanələr gətirir”.
X. Bəşirov qeyd etdi ki, Paşinyan hakimiyyəti gələn ilin seçkilərinə qələbə təminatı üçün indidən ABŞ-ın gücündən istifadə etməyə çalışır: “Ona görə Zəngəzur dəhlizi ilə bağlı Ağ Evin imkanlarından yararlanmaq istəyir. Rusiya isə dəhlizi əldən vermək istəmir. Çünki onun Cənubi Qafqazda mövcudluğu üçün əsas səbəb dəhlizə nəzarəti ola bilər. Lakin Ukrayna müharibəsi Rusiyaya təsir edib və bu səbəbdən, dəhlizlə bağlı addım ata bilmir. Odur ki, yaranmış fürsətdən istifadə olunur. Fikrimcə, ABŞ dəhlizin 42 kilometrlik hissəsinə sərmayə qoyacaq. Amerikalılar isə investisiya qoyduğu yerdə sabitliyin olmasında maraqlıdır. Amerikalıların gediş-gəlişi göstərir ki, proses sürətləndirilir. Rusiya isə ya bununla razılaşmalıdır, ya da ABŞ ilə toqquşmalıdır. Rusiyanın isə ABŞ ilə toqquşmaq istədiyini düşünmürəm. Sadəcə, dəhlizin gətirdiyi dividentlər var və region ölkələri də, Qərb dövlətləri də bu logistikadan istifadə edə bilər”.
Qeyd edək ki, Ermənistanın baş naziri sentyabrın 10-da bir daha vurğulayıb ki, Vaşinqtonda imzaladığı sənədlər Zəngəzur üzərində Ermənistan suverenliyini qoruyur. O, həmin marşrut boyunca Ermənistan sərhədçiləri və gömrük əməkdaşları ilə azərbaycanlı səyahətçilərin fiziki təmasını önləmək üçün müasir texnologiyalardan istifadə olunacağını qeyd edib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət deputatları hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş “dəhliz razılaşması”nın detallarını bilərəkdən gizlətməkdə suçlayır. Onlardan biri Artur Xaçatryan Paşinyanın bu açıqlamasının onların iddialarını bir daha sübut etdiyini söyləyib: “Maneəsiz ünsiyyət o deməkdir ki, istənilən yol, istənilən keçid açıqdır. Amma mən sərhədi keçəndə oradakı sərhədçi məni geri qaytara bilər. Sual da məhz budur: biz azərbaycanlıları dayandıra bilərikmi? Bu suala cavab vermirlər, çünki detallara getsələr, belə reaksiya alacaqlar: "Bir dəqiqə, siz bizə tamam başqa şey demişdiniz".
Parlamentin spikeri Alen Simonyan isə Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən marşrutun Ermənistanın sərhəd yoxlamalarından azad olunması tələblərini əsaslandırıb. “Həm bizim, həm də onların yaraları hələ təzədir. Biz də adam öldürmədikmi? Azərbaycan tərəfdən də ölənlər olmayıbmı? Məsələ sərhəddə üzbəüz təmasdadır... Münasibətlərin və etimadın yenidən qurulması kimi həssas dövrdə məqsəd həmin təması minimuma endirməkdir”, - Simonyan jurnalistlərə deyib.
“Yeni Müsavat”