Payız fəslinin gəlməsi ilə birlikdə əhalinin müxtəlif yaş qrupları arasında qripə və koronavirusa bənzər xəstəliklər yayılıb. Yüksək hərarət, burunaxması, yorğunluq. Halsızlıq və bir sıra simptomlarla müşahidə olunan virusun əhatəsi get-gedə böyüyür.
Bəs görəsən, bu xəstəlik hansı viruslardan yaranır? Ona yoluxmamaq üçün nə etmək lazımdır?
İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi, doktor Vasif Əliyev Lent.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, son vaxtlar məktəblərdə, xüsusən uşaqlar arasında qrip və qripəbənzər əlamətlərlə müşahidə olunan repirator xəstəliklərin sayı çoxalıb.
“Havaların soyuması və ictimai yerlərdə insanların çox olması xəstəliyin əhatəsini daha da artırır. Qrip, paraqrip, korona, adenovirus, rinavirus, reseve virusu və digər infeksiyalar eyni simptomlarla biruzə verdiyi üçün onları əlamətlərə görə müəyyən etmək çətinləşir.
Müşahidə etdiyimiz xəstəliklər arasında qrip və COVID–19-un yeni ştammı da var. Lakin uşaqlar və böyüklər arasında yayılan xəstəliyin hansı virusla yoluxduğunu müəyyən etmək üçün test vermək lazımdır.
Mövsümə uyğun geyim və sağlam qidalanma, həmçinin zərərli vərdişlərdən uzaq durmaq profilaktik olaraq xəstəlikdən qorunmağa yardımçı olur. Bununla yanaşı xəstəliyə yoluxmuş şəxslərin tibbi maska istifadə etməsi, ev şəraitində, həkim nəzarətində müalicə alması mütləqdir.
Xəstəliyi olan şəxslərə istirahət rejimi, bol maye qəbulu və hərarət anında uyğun dərmanlardan istifadə etmək tövsiyə olunur. Bu, virus mənşəli xəstəlik olduğuna görə antibiotik qəbul edilməməlidir, lakin ağırlaşmalar varsa və həkim məsləhəti olarsa, istisnalar edilə bilər.
Uşaqlar, xroniki xəstəliyi olanlar, virusa tez yoluxanlar mütləq hər il qrip peyvəndi vurdurmalıdırlar. Peyvəndləmə oktyabr ayından başlayaraq, qış fəslini əhatə edir”.
Həkim qeyd edib ki, xəstəlikdən qorunmağın ən yaxşı və asan üsulu əl yuma mədəniyyətidir
“Çox vaxt asqırarkən ağız və burun yollarında olan viruslar əlimizə təmas edir. Əllər yuyulmadıqda isə o digər əşyalara keçərək, digər şəxsləri də yoluxdura bilir. Xəstə olan insanlar davamlı olaraq əllərini yumalıdırlar. Sabunlu su yoxdursa, spirtli və ya digər dezinfeksiyaedici məhsullardan istifadə etmək mütləqdir. Asqıraq gəldiyi vaxt ağızı əllə yox, qolla tutmaq lazımdır”, - Vasif Əliyev vurğulayıb.