Oktyabrın 6–7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü türk coğrafiyasının gələcək onilliklərdəki geosiyasi trayektoriyasını müəyyənləşdirəcək hadisələrdən biri olmuşdur. Bu Zirvə Görüşü sadəcə diplomatik protokol və bəyanatlar toplantısı deyil, Türk dünyasının öz daxilində inteqrasiya səviyyəsini yoxlayan ciddi siyasi imtahandır.
Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi onun siyasi mahiyyətinin dəyişdiyini göstərir. Bu dəyişikliklər regionda baş verən hadisələr fonunda təbii və zəruridir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları, qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq edir.
Azərbaycan üçün bu Zirvə Görüşünün Qəbələdə keçirilməsi həm rəmzi, həm də strateji məna daşıyır. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir: türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.
TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir.
Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib.
Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Qəbələ görüşünün əsas əhəmiyyəti ondadır ki, Türk dünyası ilk dəfə sülh və təhlükəsizlik kimi həssas mövzunu açıq şəkildə müzakirə edib. Bu, TDT-nin sadəcə iqtisadi və mədəni deyil, həm də siyasi güc mərkəzi kimi formalaşmasının göstəricisidir. Türk dövlətlərinin regional sabitliyə töhfə verməsi, həm Qərb, həm də Şərq gücləri qarşısında yeni balans yarada bilər.
Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı qeyd edib ki: “şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək”.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Azərbaycan bu Zirvədən öz liderlik missiyasını bir daha təsdiqləyib. Zirvənin toplantısının sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçmiş, bu isə ölkəmizin diplomatik nüfuzunun, siyasi etibarının və regionda formalaşdırdığı yeni reallığın növbəti təntənəsi olmuşdur.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"