Azərbaycanda dövlət qurumlarında vəzifə tutan şəxslər üçün vahid maaş sistemi tətbiq olunacaq.
Yeni sistemin tətbiqi müxtəlif dövlət orqanları, nazirlik, komitə və s.-də çalışan vəzifəli şəxslərin maaşları arasında qeyri-bərabərliyin aradan qaldırılması, effektiv idarətmə və bacarıqlı kadrların irəli çəkilməsinin təşviq edilməsidir.
Qeyd olunur ki, ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri və s. vəzifələr tutan şəxslərin maaşları arasında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq.
Hazırda maaşların çox yüksək olduğu bir neçə nazirlikdə şişirdilmiş məbləğlər aşağı salınacaq, maaşların az olduğu qurumlarda isə əksinə, artımlar olacaq. Son nəticədə əksər nazirliklərdə mövcud maaşların 30-40 faiz artacağı gözlənilir.
Yaxın vaxtlarda məsələ ilə bağlı müvafiq sənədin imzalanacağı bildirilir.Bəs mövcud maaş sistemində əsas problemlər nələr idi ki, vahid sistemə keçid zəruri oldu? Vahid maaş sisteminin tətbiq olunması hansı məqsədlərə xidmət edəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, bu gün dövlət qurumlarında mövcud əməkhaqqı sistemi bir-birindən ciddi fərqlənir:
“Vahid əməkhaqqı sisteminin tətbiqində əsas məqsəd dövlət qurumları arasında kadr axınının qarşısını almaqdır. Bu gün dövlət qurumlarında mövcud əməkhaqqı sistemi bir-birindən ciddi fərqlənir. Bir nazirlikdə və ya başqa dövlət qurumunda eyni vəzifə sahibinin əməkhaqqı digər nazirliklərdəki və ya dövlət qurumlarındakı həmin vəzifə sahibinin əməkhaqqında ciddi fərqlənir.
Belə bir vəziyyət dövlət qurumlarında peşəkar mütəxəssislərin axınına səbəb olur ki, bu da nəticə etibarilə qurumun işinin keyfiyyətinə ciddi təsir edir. Vahid əməkhaqqı sisteminin tətbiqi bu sıradan olan problemlərin həllini təmin edə biləcək bir addım olardı”.