Siyəzən rayonu Beşdam bələdiyyəsinin sədrinin ölkədən çıxışına qadağa qoyulub. Səbəb isə Beşdam bələdiyyəsinin 2500 manata yaxın vergi borcunun olmasıdır.
Bizimyol.info xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi bununla əlaqədar məhkəməyə müraciət edib. Siyəzən Rayon Məhkəməsi Vergilər İdarəsinin iddiasını təmin edib.
İddia ərizəsində göstərilib ki, Beşdam Bələdiyyəsinin dövlət büdcəsinə 2463 manat borcu var. Bunun 2460 manatı Dövlət Sosial Müdafiə Fonduna olan borcdur. 3 manat isə İcbari Tibbi Sığorta Fonduna olan borcdur. Bələdiyyəyə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilsə də, nəticəsi olmayıb – borc ödənilməyib.
Vergilər İdarəsi hesab edib ki, bələdiyyənin borcunun ödənilməsini təmin etmək üçün onun rəhbər şəxsinin ölkədən çıxışına məhdudiyyət qoyulmalıdır.
Vergi orqanının bu tələbi barədə məhkəmə bələdiyyəni məlumatlandırıb. Lakin bələdiyyə sədri Rəna Quliyeva məhkəmədə iştirak etməyib. Məhkəmə prosesi onun iştirakı olmadan keçirilib.
Sonda qərar verilib ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiası təmin olunsun.