Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Alyaskada ABŞ və Rusiya liderləri arasında gözlənilən görüşü müzakirə edib. Ərdoğan bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb və Türkiyənin münaqişənin həlli istiqamətində gələcək görüşlərə ev sahibliyini təklif edib.
İstanbulda daha əvvəl Zelenski, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında belə görüş planlansa da, baş tutmadı.
Bu məsələ Ankaranın Rusiya-Ukrayna münaqişəsinin həllindəki rolu və ölkənin “sülh platforması”na çevrilmə hədəflərinə necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna nümayəndələri arasında bir neçə görüş keçirilib və müəyyən nəticələr əldə olunub:
“Əsas nəticə görüşlərin baş tutmasıdır, çünki tərəflər müzakirə imkanına malikdir və Türkiyə burada ev sahibliyi edir. Bu, Ankaranın oynadığı və gələcəkdə də oynaya biləcəyi rolu göstərir. Rusiya və Ukrayna nümayəndələrinin görüşlərinin əsas nəticəsi humanitar xarakter daşıyıb. Tərəflər döyüşdə həlak olanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı razılığa gəlib və mövqelərini bir-birinə aydın şəkildə çatdırıblar. Türkiyə bu prosesdə moderator kimi təsirli rol oynayıb. Ankaranın həm Moskva, həm də Kiyevlə inkişaf etmiş siyasi və iqtisadi təmasları mövcuddur. Hər iki tərəf Türkiyəyə etimad göstərir, bunu rəsmi şəxslərin açıqlamalarında da görmək mümkündür”.Politoloq qeyd edib ki, Alyaskada ABŞ–Rusiya liderlərinin görüşünün ardınca Moskva və Kiyev nümayəndələri arasında təmasların yenidən başlaması ehtimalı var:
“Bu görüşlərin xarakteri gələcək proseslərin inkişafını müəyyən edəcək. ABŞ-Rusiya münasibətləri, həmçinin Tramp və Putin arasında müzakirələr, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi imkanlarına dair təsəvvürləri formalaşdıracaq. Çox güman, atəşkəs rejiminin tətbiqi məsələsi də müzakirə olunacaq.
Bütün bunlar Türkiyənin proseslərdə iştirak imkanlarını genişləndirə bilər. Trampın moderator rolu da əhəmiyyətlidir. Gələcəkdə ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna görüşlərinin keçirilməsi və razılıqların əldə olunması mümkündür. Proseslərin daha dinamik inkişafı üçün Türkiyənin ev sahibliyi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, rəsmi Ankara Rusiya-Ukrayna münaqişəsinin həllində real rol oynaya bilər”.