Ermənistan Aİİ-dən çıxmaq riski ilə üz-üzə qala bilər
Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının 43-cü iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsi diqqət çəkib.
Musavat.com xəbər verir ki, “Nezavisimaya qazeta” nəşrinin iddiasına görə, bu addım Azərbaycanın Zəngəzur dəhlizinə ABŞ nəzarəti ehtimalı ilə bağlıdır.
Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən strateji marşrutdur. Məlumatlara əsasən, Ermənistan ilə ABŞ arasında bu yolun 99 illik eksklüziv istifadəsini nəzərdə tutan gizli razılaşma ola bilər. Əgər dəhlizə nəzarət ABŞ-ın, daha dəqiqi Donald Trampın əlində olarsa, bu, Aİİ-nin gömrük və ticarət prinsiplərini pozacaq.
Aİİ çərçivəsində malların və xidmətlərin sərbəst hərəkəti, eləcə də vahid gömrük qaydaları əsas prinsiplərdən sayılır. ABŞ nəzarəti isə bu qaydaların birbaşa pozulması deməkdir.
Məqalədə qeyd olunur ki, İran üçün Zəngəzur dəhlizi prioritet deyil, çünki mövcud Azad Ticarət Zonası vasitəsilə ABŞ müdaxiləsi olmadan ticarət mümkündür. Ermənistan isə mövcud sazişlərə riayət etməyə borcludur.
İclasda Ermənistanın İranla Azad Ticarət Zonası üzrə öhdəliklərinə diqqət çəkilə və qaydaların pozulması ölkənin Aİİ-dən çıxarılması məsələsini gündəmə gətirə bilər. Nəşr həmçinin vurğulayır ki, İrəvan Aİİ normalarına zidd olaraq Avropa İttifaqına yaxınlaşmaq siyasətini davam etdirərsə, Rusiya bunun qarşısını almaq üçün addımlar ata bilər.