İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan razılaşmaları barədə danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə yerli KİV-ə müsahibəsində bildirib.
İranlı nazirin sözlərinə görə, sazişlərin əhatə dairəsi hazırda tam aydın deyil.
“Amma Ermənistan Baş naziri Paşinyan bizim prezidentimizə, onların xarici işlər naziri mənə zəng etdi, Tehrana xarici işlər nazirinin müavinini göndərdilər, hərtərəfli izahat verdilər”, - deyə o vurğulayıb və burada söhbətin regionda geosiyasi dəyişikliklərdən getmədiyini vurğulayıb.
A.Əraqçi əlavə edib:
“Bölgədə geosiyasi dəyişikliklər” adlandırılan şeylər və bu yöndə baş verməli olanlar tamamilə fərqli şeylərdir. Mən demirəm ki, indi baş verəcəklər heç bir əhəmiyyət kəsb etmir, çünki narahatlıqlar da var”.
Zəngəzur dəhlizi ilə bağlı qəbuledilməz fikirlər səsləndirən, bunun ölkəsinin qırmızı xəttinin əleyhinə olduğunu iddia edən İran xarici işlər naziri qeyd edib ki, “Tramp yolu” məsələsində İranın qırımızı xətləri gözləniləcək:
“İndi bütün bu ideyalar Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın qanunları və yurisdiksiyası altında olan Amerika şirkəti tərəfindən tikilən yola çevrilir. Bu yol Ermənistanın suverenliyi altındadır. Burada Amerika hərbçiləri yerləşməyəcək və İranın bütün qırmızı xətlərinə hörmətlə yanaşılır.
Bu, sadəcə Amerikanın özəl mühəndislik şirkətidir, nə təhlükəsizlik, nə də hərbidir. Orada Amerika qüvvələri olmayacaq və Ermənistanın özü təhlükəsizliyi təmin edəcək”.
İranlı nazir əlavə edib ki, Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcəkdi, “Tramp yolu”na isə nəzarət ABŞ şirkəti və Ermənistanda olacaq. Əraqçi birinci durumun Tehranın maraqlarına uyğun olmadığını vurğulayıb.
Azərbaycanın ünvanına absurd iddialar səsləndirən Əraqçi təxribatçı çıxışında bir az da irəli gedərək söyləyib ki, guya Zəngəzur dəhlizi məsələsində məqsəd Ermənistanın cənubunu ələ keçirmək olub:
“İdeya bu bölgəni tutmaq idi. Biz o zaman ciddi narahatlığımızı bildirdik. O zaman Ermənistanın deyil, Azərbaycanın suverenliyi altında olan 5-10 kilometr enində dəhlizin yaradılmasından söhbət gedirdi. O zaman bizim ciddi geosiyasi narahatlıqlarımız vardı. Silahlı qüvvələrimiz sərhədin yaxınlığında yerləşdirildi və biz orada hərbi mövcudluq yaratdıq. Amma Azərbaycan bizi əmin etdi ki, belə ideyalar istisna olunur”.
Qeyd edək ki, İran həmişə bu və digər məsələlərdə Azərbaycanı absurd ittiham və iddialarla qaralamağa çalışıb. Birinci və İkinci Qarabağ müharibələrində hər vasitə ilə Ermənistana dəstək olan Tehranın bu “yanaşması” Azərbaycan üçün qeyri-adi deyil. İranın Azərbaycana qarşı münasibəti elə bir nifrət zəminindədir ki, hətta “Böyük Şeytan” adlandırdıqları ABŞ-nin belə o yola nəzarətinə razıdırlar. Yəni yola kim nəzarət edir-etsin, yetər ki, Azərbaycan etməsin, yolun adı Zəngəzur olmasın, nə olur-olsun.