Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyənləşdirib.
Belə ki, tenderin qalibi “ATLAS ALLİANCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 208.482,4 manat məbləğində müqavilənin bağlanması nəzərdə tutulur. Lakin mediada gedən məlumata görə, tenderin qalibi olan bu şirkətin dövlət büdcəsinə 45.794,18 manat vergi borcu mövcuddur.
Qeyd edək, tenderə qoşulacaq şirkətin vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş və gecikmiş borcu olmamalıdır. Digər tərəfdən, Vergi Məcəlləsinə uyğun olaraq, riskli vergi ödəyicisi olmaq da məhdudiyyətlər yaradır.
Belə olan halda, 46 milyona yaxın vergi borcu olan şirkət necə tenderə buraxılıb? Buraxılması bir yana, yüksək vergi borcu olan şirkət necə qalib gələ bilib? Tenderi keçirənlər qalibi müəyyən edərkən şirkətin vergi borcundan xəbərsizdirlər, yoxsa qanundan?
Məsələ ilə bağlı Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında belə cavab verib:
“Şirkətlərin nizamnamə kapitalının çox böyük olmaması Azərbaycanda sanki bir dəbdir və bu göstərici deyil. Amma vergi borcu, təcrübəsi az olan bir şirkətin tender udması suallar yaradır. Çünki Azərbaycanda bu tenderlər və dövlət satınalmaları ilə bağlı ciddi suallar, ciddi şübhələr var. Çünki ən çox mətbuatda da illərdir müzakirə olunan, dəfələrlə ictimaiyyətin də diqqətində olan məsələ məhz tenderlər və dövlət satınalmalarının qeyri-şəffaf olmasıdır. Əslində, bu Azərbaycan iqtisadiyyatına da böyük zərbə vurur”.
“Dövlət satınalmaları və tenderlər haqqında qanunvericiliyin tələblərindən birinə əsasən vergi borcu yüksək olan şirkət tender uda bilməz. Bəs buna bizdə necə göz yumulur?” sualına partiya sədri belə cavab verib:
“Dövlət satınalmaları və tenderlər haqqında qanunvericilikdə şirkətin reputasiyası haqqında tələblər də var. Reputasiya haqqında tələblərdən biri də vergi borcunun olmamasıdır. Məntiqlə vergi borcu yüksək olan şirkətlərin tender udması və tenderə buraxılması, ümumiyyətlə, mümkün olmamalıdır”.