Seçki gününü DƏYİŞMƏK OLMAZ... - Ərdoğan düzmü qərar verdi?
Tarix: 11-03-2023, 08:37 |
Çap et
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan doğru qərar verdi, prezident və parlament seçkisini təxirə salmaq siyasi və hüquqi baxımdan doğru olmazdı. Seçki mayın 14-də keçiriləcək. Əlbəttə, dəhşətli zəlzələnin nəticələrindən çıxış edərək seçkinin 6 ay və ya 1 il sonraya təxirə salınmasıyla bağlı fikirlər səsləndi. Ancaq Türkiyə Konstitusiyasına görə, ancaq müharibə halında seçki təxirə salına bilər. Digər tərəfdən ölkəni bir il seçki gərginliyi vəziyyətində saxlamaqdansa seçkinin qısa müddətdə keçirilməsinə üstünlük verildi.
Qardaş Türkiyədə maraqlı seçki kampaniyası izləyəcəyik. Ən çox üzləşdiyim suallar bunlardır: “Kim seçiləcək” , “hansı namizədə üstünlük verirsiniz” və “Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi”. Birinci iki suala cavabım budur ki, kim seçiləcəksə Türkiyə üçün xeyirli-uğurlu olsun, Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmalıyıq. Sonuncu suala cavabım isə belədir ki, Ərdoğan Türkiyə-Azərbaycan ittifaqının güclənməsi üçün böyük işlər gördü, İkinci Qarabağ müharibəsində dəstəyini heç zaman unutmayacağıq. Heç kim əbədi deyil, qardaş ölkənin gələcək Cumhurbaşqanlarının Ərdoğanın Azərbaycanla bağlı müttəfiqlik siyasətini davam etdirəcəklərinə inanıram, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var. Türkiyə cəmiyyəti və ordusu heç bir Cumhurbaşqanının Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almamasını qəbul etməz.
Elxan Şahinoğlu - DİA.AZ