Rusiya hökuməti daxili yanacaq bazarındakı qiymət artımı fonunda 2025-ci ilin avqust ayında benzin ixracına tam qadağa tətbiq edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qadağa avqustun 1-dən 31-dək qüvvədə olacaq.
Rəsmi açıqlamaya görə, bu qərar yay mövsümündə artan kənd təsərrüfatı tələbatı, daxili bazarda sabitliyi qorumaq və “boz ixrac” adlanan qeyri-rəsmi ixracatın qarşısını almaq məqsədi ilə verilib. “Boz ixrac” zamanı treyderlər daxili bazardan benzin alaraq daha yüksək qiymətə xaricə satır, bu isə ölkə daxilində təchizat və qiymətlərə təzyiq yaradır.
Sankt-Peterburq birjasında “Aİ-92” markalı benzinin bir tonun qiyməti iyulun 28-də 65 589 rubl (1 312 manat) təşkil edib. Bu, ayın əvvəlindən 2,4%, ilin əvvəlindən isə 24% artım deməkdir. “Aİ-95” markalı benzində isə artım müvafiq olaraq 8,6% və 36% olub.
“Rosstat”ın məlumatına əsasən, iyulun 21-də yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin qiyməti 57,66 rubl/litr (1,15 manat), “Aİ-95” isə 62,90 rubl/litr (1,26 manat) təşkil edib. Hökumət bu bahalaşmanın qarşısını almaq üçün əvvəllər istehsalçılara qiymətlərin endirilməsi üçün şifahi müraciətlərlə kifayətlənirdisə, bu dəfə daha sərt tədbirlərə əl atıb.
Əlavə olaraq, kənd təsərrüfatı texnikasında benzinlə işləyən avadanlığın artması da tələbatın yüksəlməsinə səbəb olub. Fermerlər təkcə nəqliyyat vasitələri deyil, həm də generatorlar və nasoslar üçün də benzinə ehtiyac duyurlar.
Ekspertlər hesab edirlər ki, bu cür inzibati tədbirlər bazarda qiymətləri sabitləşdirsə də, uzunmüddətli həll yolu olaraq struktur islahatları və bazar mexanizmlərinin təkmilləşdirilməsi daha effektiv ola bilər.
Azərbaycan Rusiyadan nə qədər benzin alır?
Məlumat üçün onu da bildirək ki, Azərbaycan ötən il Rusiyadan 116,3 milyon dollar dəyərində 142 min ton “Aİ-92”, 19 milyon dollar dəyərində 21 min ton “Aİ-95” markalı benzin idxal edib. Bu ilin ilk 5 ayında isə Rusiyadan 48,8 milyon dollar dəyərində 64,8 min ton “Aİ-92”, 31,9 milyon dollar dəyərində 37,5 min ton “Aİ-95” markalı benzin gətirilib. Rusiyanın benzin ixracına qadağa qoyması Azərbaycanın daxili bazarında benzinə tələbatı artıra bilərmi və bu, qiymətlərə necə təsir edə bilər?
Qeyd edək ki, açıqlanan rəqəmlərdən də göründüyü kimi, Azərbaycanın benzinə olan tələbatında Rusiyanın payı əhəmiyyətli rol oynayır. Müqayisə üçün bildirək ki, bu ilin ilk 5 ayında Azərbaycanda 549 min ton “Aİ-92” markalı benzin istehsal edilib. Rusiyadan idxal etdiyimiz benzin yerli istehsalın 12%-nə bərabərdir. Eyni zamanda Azərbaycan bu ilin ilk 5 ayında xaricdən 55,8 min ton “Aİ-95” markalı benzin idxal edib ki, bu idxalda Rusiyanın payı 67%-dən çox olub.
Belə bir vəziyyətdə Rusiyanın ixrac qadağası Azərbaycanın daxili bazarında tələbatın artması və ehtiyatların tez tükənməsi riski yaradır. Tədarükdəki fasilə nəticəsində “Aİ-95” kimi daha keyfiyyətli yanacaq növlərinin qiymətində artım müşahidə edilə bilər.