Qaz və işığa sabit tarif tətbiq olunacaq. Belə ki, Azərbaycanda enerji bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə biləcək yeni tarif islahatları gündəmdədir. Milli Məclisdə müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanun layihələrində əksini tapan sabit aylıq tarif modeli həm qaz, həm də elektrik enerjisi sektorunda tətbiq olunmaqla, uzun müddət mövcud olan dəyişkən ödəniş sisteminə paralel yeni mexanizm formalaşdırmağa yönəlib. İndi istehlakçılar yalnız sərf etdikləri enerji miqdarına görə deyil, həm də sistemə qoşulu olduqları üçün sabit əsasda aylıq ödəniş etməli olacaqlar. Bəs bu qərarın əsas məqsədi nədir və belə olan halda xərclərin ədalətli bölüşdürülməsi necə təmin olunacaq?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Moderator.az-a açıqlamasında bildirib ki, qaz və elektrik enerjisinə sabit tarifin tətbiqi bir neçə məqsədə xidmət edir.
Onun sözlərinə görə, bu addım ilk növbədə xidmət səviyyəsinin yaxşılaşdırılması, eləcə də istifadə olunmayan, lakin sistemə qoşulu olan çoxsaylı mənzillərin enerji xərclərinə müəyyən ödənişlərin edilməsini təmin etmək məqsədi daşıyır:
“Hazırda istifadəçilərin böyük əksəriyyəti qaz və işıq üçün ortalama 20-30 manat civarında ödəniş edir. Yeni sabit tarif modelinə əsasən, bu məbləğə təxminən 5 faiz elektrik, 5-10 faiz isə qaz üzrə əlavə ödənişlər tətbiq oluna bilər. Bu əlavə vəsait xidmət haqqı kimi nəzərdə tutulur və əsas məqsəd xərclərin daha ədalətli bölüşdürülməsidir.
Belə ki, uzun müddət istifadəsiz qalan, lakin sistemə qoşulu olan evlər də müəyyən məbləğdə — təxminən 1 manatadək — aylıq ödəniş etməli olacaqlar. Bu vəsait xidmət strukturunun maliyyə imkanlarını artıraraq, ümumilikdə xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək.
Ədalətli tarif mexanizminə gəlincə, burada mərhələli tarif modelindən istifadə nəzərdə tutulur: yəni istehlak artdıqca, daha yüksək tarif tətbiq oluna bilər. Bu da həm qənaəti stimullaşdıracaq, həm də istehlakçıların daha çox ödəməsi ilə tarazlıq yaradacaq”.