Yüzlərlə vətəndaş Ali Məhkəmə qarşısında etiraz aksiyası keçirərək əmlak çeklərinin tanınmasını tələb ediblər. Ölkə başçısına müraciət edən vətəndaşlar əmlak çeklərinin müqabilində müəyyən məbləğdə ödənişin edilməsini istəyib və indiyə qədər bütün məhkəmə instansiyalarınn onların əleyhinə qərar qəbul etdiyindən şikayətləniblər. "DİA-AZ" xəbər verir ki, şikayətçilər onlara iyulun 28-də məhkəmə iclasının olacağı ilə bağlı məlumat verildiyini, lakin iclasın baş tutmadığını bildirib. Əmlak çeklərinin qarşılığında kompensasiyan ala bilmədiyi üçün etiraza qoşulan vətəndaşlar vəkillərin də vaxtında məhkəmə prosesinə gəlmədiyindən gileylənib. Şikayət ərazilərinə baxılmadığını deyən etirazçılar dövlət başçısı İlham Əliyevə müraciət edərək haqlarının bərpasında onlara yardımçı olmasını istəyiblər. Vətəndaşlar 1997-ci ildə aldıqlarını əmlak çekinin bazar dəyərinin iki min dollar olduğunu da təxmin edir. Ölkənin müxətlif regionlarından gələn şikayətçilər bu çeklərin müqabilində alacaqları məbləğ hesabına üzləşdiklərin maddi və sosial problemlərini həll etmək niyyətində olduğunu dilə gətiblər. Şikayətçilər arasında birinci və ikinci Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri də var. Aksiya iştirakçıları qarşısına çıxan Ali Məhkəmənin nümayəndəsi Anar Hüseynov məhkəmə iclasının hələ təyin edilmədiyini, insanlar mətbuatdan yalnış məlumat alaraq məhkəmə qarşısına toplaşdığını bildirib. O, vətəndaşların səhvən məhkəmə qarşısına yönləndirildiyini deyib. Anar Hüseynov iclas vaxtının təyin ediləcəyini və vətəndaşlara bu barədə məlumat veriləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıb.