İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Sofcon Group S.P.O.”-nun Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1405442631) olub.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti borularda baş verəcək qəzaların aradan qaldırılması üçün 1982 ədəd müxtəlif ölçülü təmir xamutu alacaq. Satın alınacaq xamutlara görə “Sofcon Group S.P.O.” şirkətinə 419 min 978 manat 17 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, “Sofcon Group S.P.O.”-nun Azərbaycan Respublikasındakı Filialı 19 fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Af Biznes Plaza”da yerləşən şirkətin qanuni təmsilçisi Rzayev Həsən Məhərrəm oğludur.
“Sofcon Group S.P.O.” şirkəti isə 12 may 2017-ci il tarixində Çexiyada dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı “Vlkova 532/8, Zizkov (Praqa 3), 130 00, Praqa”da yerləşir. 14 may 2020-ci il tarixindən etibarən şirkətin icraçı direktoru Ceyhun Məmmədovdur.
250 000 Çexiya kronu (təxminən 20 000 manat) nizamnamə kapitalına sahib olan şirkətin iki təsisçisi var. Hər iki təsisçi – Firidun Abbasov və Həsən Rzayev Azərbaycan vətəndaşlarıdır. Onlar nizamnamə kapitalında bərabər paya malikdirlər.
Onu da qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Çexiyada təsis olunan şirkətin Azərbaycandakı filialının dövlət büdcəsinə 110 min 450 manat 53 qəpik məbləğində vaxtında ödənilməyən vergi borcu mövcuddur.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tender müsabiqəsi üzrə sənəd qəbulunu bu ilin may ayında keçirib. Əgər “Sofcon Group S.P.O.”-nun Azərbaycan Respublikasındakı Filialının may ayında vergi borcu olmayıbsa, o zaman 110 min manatlıq borc son iki ay ərzində yaranıb.