Brüssel artıq Avropa İttifaqının Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı səbrinin tükəndiyini gizlətmir. Bu günlərdə Avropa Komissiyasının saytında Ermənistanın baş nazirinin ünvanına sərt tənqidlərin yer aldığı məktub dərc olunub. Lakin qısa müddət sonra sənəd çıxarılsa da, onun məzmunu diplomatik kanallar vasitəsilə yayılmağa müvəffəq olub.
Bu məktuba əsasən, Avropa Komissiyası mahiyyətcə etiraf edir ki, artıq Paşinyanla işləmək mümkün deyil. İddialara görə, Aİ artıq Qərbə yönümlü mötədil müxalifət arasında alternativlər axtarır. Birbaşa olmasa da, Avropa rəsmiləri Ermənistanın hazırkı baş nazirinin “toksit” tərəfdaşa çevrildiyinə açıq şəkildə işarələr verirlər.
Ermənistanın baş naziri uzun müddətdir ki, Avropa İttifaqında avropayönlü islahatların dirijoru kimi qəbul edilir. Bununla belə, bir sıra uğursuzluqlar və sistemli səhvlər onun nüfuzunun üstündən xətt çəkib. İddia olunur ki, Paşinyan ölkə daxilində inamı gücləndirmək əvəzinə, nüfuzlu biznes dairələri və ruhanilərlə açıq qarşıdurmaya girməsi bu qəbildəndir. O cümlədən sülh prosesində ləngimə də bu səhvlər sırasına aiddir. Avropa getdikcə Ermənistanın danışıqları qəsdən gecikdirməsi, Aİ-ni çaşdırması fikrini daha çox səsləndirir.
Aİ-nin infrastrukturun inkişafı və islahatlar üçün ayırdığı 270 milyon avro “istənilən nəticəni verməyib”. Qeyri-rəsmi olaraq Brüssel məyusdur ki, vəsaitlər səmərəsiz istifadə edilib və faktiki olaraq bürokratik uğursuzluqlara və korrupsiya sxemlərinə çevrilib.
Bəs əsas sual: Paşinyanı kim əvəz edə bilər? Avropa Komissiyasının dəhlizlərində az tanınan, lakin davamlı olaraq avropayönlü partiyanın lideri Tiqran Xzmalyanın adı getdikcə daha çox səslənir. Parlamentdə heç bir mandatı olmasa da, Avropa fondları, diplomatlar və erməni deputatlarla əlaqələri Xzmalyanı əlverişli namizəd edir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxmağa çalışır və 2018-ci ildən bəri bu istiqamətdə sistemli siyasət aparır. Partiya sədri qeyd etdi ki, erməni baş nazir bunu qıcıq doğurmadan həyata keçirməyə cəhd edir: “Qərb də Ermənistan hökumətinə siyasi-diplomatik dəstəyi davam etdirir. Bütün verilən proqnozlara baxmayaraq, Paşinyan Rusiyadan uzaqlaşmağa çalışır. O, Azərbaycan rəhbərliyi ilə müəyyən iş də aparır. Ona görə deməzdim ki, Qərb Paşinyandan bezib”.
F.Quliyev açıqladı ki, Rusiya isə bölgədə sabitlik istəmir və münaqişəni uzatmaqla bölgədə qalmağa çalışır: “Sadəcə, Paşinyan "at gedişi" edir - yəni Altaya səfər və digər addımlarla həssas mərhələlərdən çıxmağa can atır. Beləliklə, Paşinyanı Qərb üçün bezdirici fiqur saymaq olmaz".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli isə düşünmür ki, Qərb Paşinyandan imtina edib: “Söz yox ki, daha yaxşısını arzu edir. Amma elə bu yaxınlarda Brüsselə səfər etmişdi. Avropa hələ də onu Cənubi Qafqazda əsas fiqurlarından biri kimi görür. Sadəcə, regiondakı proseslər Qərbin radikal addımlar atmasına imkan vermir. İkinci məsələ isə Paşinyanın rəqibsiz olmasıdır. Onun hələ də alternativi yoxdur. Ermənistanda müxalifət deyəndə radikal millətçilər, şovinist dairələr ağıla gəlir. Onlar isə marginallaşmış qüvvələrdir və xalqın gözündən düşüblər, Rusiyanın agenti kimi qəbul olunurlar. Belə müxalifətə kim dəstək verər ki, Paşinyana rəqib olsun?!”
VHP rəsmisi hesab edir ki, Ermənistanda müxalifət deyəndə təsəvvürə Rusiyanın adamları gəlir: “Ona görə də xalqdan dəstək yoxdur. Ölkədə gərək elə bir mötədil qüvvə olsun ki, Paşinyana rəqib görünsün. Hazırda elə bir mütərəqqi təşkilat, yaxud sevilən lider yoxdur. Bu da ondan xəbər verir ki, cəmiyyət seçim edə bilmir. Erməni xalqı ən pisdən daha yaxşı pis olan Paşinyana üstünlük verir. Qərb də bu kontekstdə yanaşır. Avropa Paşinyandan tam razı deyil. Sadəcə, onun yerinə ruspərəstlər gələcək deyə hələ ki davam edirlər. Bir sözlə, Paşinyan manevrlər etsə də, Azərbaycan üçün ən uyğun ermənidir. Onunla bu prosesi sona çatdırmaq lazımdır. Tarixdə belə erməni siyasətçi olmayıb. Onun davranışları ziddiyyətli olsa da, regiondakı problemləri həll etmək üçün Paşinyanla Qərb də, biz də işləməliyik. Çünki onu daha yaxşısı əvəz etməyəcək”.
Xatırladaq ki, Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) iyunun 16-dan 25-dək keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin, demək olar, yarısı - 49 faizi əmindir ki, ölkə yanlış istiqamətdə gedir. Ermənilərin yalnız 36 faizi ölkənin inkişafının düzgün istiqamətdə getdiyinə inanır. Yaşlı insanlar Ermənistandakı vəziyyətə daha nikbin yanaşır. Yaşı 56-dan yuxarı olan respondentlərin 43 faizi Ermənistanın düzgün istiqamətdə getdiyinə əmindir və pensiyaçılar arasında bu göstərici daha yüksəkdir - 47 faiz.
Bunun əksinə olaraq, 18-35 yaş arası ermənilərin 54 faizi, ortayaşlı vətəndaşların isə 52 faizi ölkənin inkişafının düzgün istiqamətdə getmədiyinə inanır. Siyasətçilərə gəlincə, baş nazir Nikol Paşinyan ən yüksək reytinqə malikdir - 13 faiz. Əvvəlki sorğu ilə müqayisədə Paşinyanın reytinqi üç faiz azalıb. 2024-cü ildə ermənilərin 16 faizi ona güvənib. Ermənilərin böyük əksəriyyəti isə heç bir siyasi fiqura və ya partiyaya etibar etmir.
Respondentlərin 61 faizi heç bir siyasi xadimə güvənmədiyini deyib. Ölkədə fəaliyyət göstərən qurumlara etimada gəlincə, ordu və kilsə ön sıralardadır. Əhalinin 72 faizi silahlı qüvvələrə tam və ya qismən, 58 faizi isə Erməni Apostol kilsəsinə etibar edir. Yeri gəlmişkən, əvvəlki sorğu ilə müqayisədə kilsənin reytinqi 10 faiz artıb. Sorğu həmçinin Ermənistanın Aİ-yə üzvlük perspektivlərinə də toxunaraq bu məsələ ilə bağlı referendumun təyin olunacağı təqdirdə sadə vətəndaşların necə səs verəcəyini öyrənib. Sorğunun nəticələrinə görə, ermənilərin 49 faizi Aİ üzvlüyünə, 15 faizi isə əleyhinə səs verərdi. Digər 31 faiz isə səsvermədə, ümumiyyətlə, iştirak etməyəcəyini bildirib.