Lisenziyası olmayan klinikalar, ali tibb təhsili olmayan həkimlərin fəaliyyətilə bağlı mövzuları gündəmə gətirən jurnalist Qənirə Ataşovaya qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Gəncədə “VMR” Estetik Klinikasında fəaliyyət göstərən Gülsüm Əliyeva onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması tələbilə məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, iyulun 30-da Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyilə jurnalistə qarşı iddiaya baxılıb.
Sosial şəbəkələrdə “həkim Gül Əliyeva” kimi təqdim olunan Gülsüm Əliyevanın şikayətinin səbəbi ötən ilin sentyabrında Gəncədə “VMR” Estetik Klinikasında liposaksiya əməliyyatından sonra sonra dünyasını dəyişmiş Gülbəniz Bayramovanın ölümü ilə əlaqədar Qənirə Ataşovanın yazdıqlarıdır.
Gülsüm Əliyeva şikayətində bildib ki, jurnalist onun tibbi təhsili olmadığını iddia edib, Gülbəniz Bayramovanın ölümündə təqsirləndirib.
Məhkəmə prosesində Qənirə Ataşovanın vəkili tələb edib ki, qarşı tərəf tibbi təhsili olduğunu təsdiqləsin, diplomunu ortaya qoysun. Beləliklə, sübut olunsun ki, Qənirə Ataşova onun tibbi ali təhsili olmaması barədə yalan məlumat yayıb. Lakin Gülsüm Əliyeva bununla bağlı heç bir sənəd ortaya qoya bilməyib. Gülsüm Əliyeva və nümayəndəsi deyib ki, bu hissədə şikayətçi deyillər.
Qənirə Ataşovanın vəkili onu da qeyd edib ki, müvəkkili jurnalistdir və prosesləri ümumi şəkildə təhlil edib: “Klinikada əməliyyatdan sonra ölüm hadisəsi olub. Jurnalist də prosesləri təhlil edib, məlumatlar əsasında qiymətləndirici mülahizəsini yazıb”.
Jurnalistin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı iddia əsassızdır. Məhkəmədən də xahiş edib ki, icraata götürülməsin.
Gülsüm Əliyevanın vəkili isə iddianın icraata götürülüb baxılmasını xahiş edib.
Hakim Ülviyyə Şükürova jurnalistə qarşı iddianın icraata götürülməməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həkimlərin nazirlikdəki reyestri bazasında G.Əliyevanın adının həkim kimi qeydiyyatda olmadığını açıqlayıb. Həmçinin “VMR” klinikasının lisenziyasız fəaliyyət göstərdiyi və buna görə cərimələndiyi barədə də məlumat yayılıb.
Bizimyol.info