NDU-da qızlara qiymət qarşılığında cinsi əlaqə təklif edən dekan öz ərizəsi ilə işdən çıxmağa məcbur edilib. Bundan əlavə, oxşar hərəkətlərdə şübhəli bilinən prorektor da işdən çıxarılıb. Universitet rəhbərliyinin bu addımı ictimai qınağın qarşısını almaq məqsədi ilə attıdığı bildirilir. Bir qrup qız tələbənin bu məsələni „Gündəlik Naxçıvan“ vasitəsi ilə ictimailəşdirməsi Azərbaycanda rezonansa səbəb olmuşdu.
Lakin zərərçəkmiş tələbə qızlar, onlara əxlaqsız təklif edən dekanın bu cür cəzalandırılmasından narazıdırlar:
“Ortada cinayət tərkibli əməl var. Bütün faktları rektorun qarşısına qoymuşuq. Vaxtında araşdırmadı, biz də ictimailəşdirdik. Bu işə hüquq-mühafizə orqanları müdaxilə etməli, dekan Məftun müəllim və belə əxlaqsızlıqla məşğul olan bütün müəllimlər qanun qarşısında cəzalandırılmalıdırlar. Əgər bu baş verməsə, əlimizdəki faktları, görüntüləri internetdə yayımlayacağıq.”
Qızların şikayatə ictimailəşdikdən sonra NDU rəhbərliyi rəsmi bəyanat yayaraq, xəbəri təkzib etmiş, bu məlumatı mətbuata verənlərin tapılaraq cəzalandırılacağını bildirmişdi. Zərərçəkmiş qızlar bu bəyanata da münasibət bildiriblər:
„Rəhbərlik məlumatın kimlərin verdiyini onsuz da bilir. Biz sadəcə hər işdə qadını günahkar sayan bəzi şəxslərin qısnamasına tuş gəlməmək üçün adımızı ictimailəşdirmirik. Rəhbərliyin cəsarətləri çatırsa, cəzalandırtsın bizi. Bəyanat veriblər ki, guya yalan məlumatdır. Əgər yalan məlumatdırsa, adı çəkilən dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?“
Zərərçəmiş tələbələr dövlət başçısına müraciət edərək, dekanın, universitetdə qızlara əxlaqsız təkliflər edən digər müəllimlərin, bu məsələdə məsuliyyət daşıyan universitet rektoru və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edirlər.