Türkiyə İDEF 2025 sərgisində yerli istehsal nümunəsi olan yeni silah-sursat və hərbi texnologiyalar təqdim edib. Qardaş Türkiyənin nümayiş etdirdiyi “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4" ballistik raketi və "HAYALET-2" bunker bombası bütün dünyada böyük marağa səbəb olub.
Hansının ki, ABŞ-ın ötən ay İranın nüvə obyektlərinə atdığı bombalardan daha dağıdıcı olduğu üzə çıxıb.
Ümumiyyətlə, son illər həm Türkiyə, həm də Azərbaycan öz hərbi sənayesini gücləndirməkdə və daha da şaxələndirməkdədir ki, bu da hər iki türk dövlətinin artan müdafiə gücündən xəbər verir. Türkiyə və Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı onların hərbi təchizat baxımından xarici dövlətlərdən asılılığını kəskin azaldır, onlara öz müdafiələrini daxili resursları hesabına formalaşdırmağa imkan verir.
Türkiyənin təqdim etdiyi yeni texnologiyalar isə kifayət qədər güclü silahlardır. Söhbət “Tayfun BLOK 4" ballistik raketi və ”HAYALET-2" bunker bombasından gedir. Əslində müttəfiqliyimizi nəzərə alsaq, elə bu silahların Azərbaycanın hərbi arsenalında olduğunu da söyləmək mümkündür. Üstəlik, Şuşa Bəyannaməsi var və hər hansı hərbi təhdid olarsa, Türkiyə bu silahlardan düşmənimizə qarşı istifadə edə bilər.
Azərbaycan qardaş ölkədən bu texnologiyanı gələcəkdə ala da bilər. Ölkəmizə qarşı təhdidləri, regionda təhlükəsizliklə bağlı risklərin qaldığını nəzərə alsaq, hərbi potensialımızı gücləndirməyə hər zaman ehtiyac var. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıbsa, deməli, münaqişəli vəziyyət davam edir. Həmçinin şimaldan ölkəmizə hədyanlar yağmaqdadır. Hətta bu günlərdə bir başıpozuq rusiyalı fəal Bakını bombalamağa çağırmışdı.
Bütün bunlar Şuşa Bəyannaməsinin nə qədər əlahiddə bir sənəd olduğunu gələcək nəsillərə daha çox sübut edəcək. Ona görə də Türkiyənin güclənməsi Azərbaycanın qüdrətinin artması deməkdir. Bu mənada müttəfiq ölkənin hərbi sənaye kompleksinin zənginləşməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Türkiyə “Bayraktar”larının dəstəyi də qardaş ölkənin hərbi texnologiyasından istifadənin nə dərəcədə həlledici olduğunu ortaya qoymuşdu.
Türkiyənin müdafiə sənayesi sərgisində nümayiş olunan “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4" ballistik raketi kimi yeni müdafiə texnologiyaları ilə yanaşı, "HAYALET-2" bunker deşici bomba dünya mediasında geniş əks-səda doğurub.
Həmçinin “Çelik Kubbe” Türkiyənin yerli imkanlarla hazırladığı bir hava hücumundan müdafiə sistemidir. Bu sistem, fərqli hündürlüklərdə fəaliyyət göstərən müdafiə sistemlərini vahid bir şəbəkədə birləşdirir və süni intellekt dəstəkli qərar qəbuletmə sistemləri ilə müdafiənin effektivliyini artırır.
“Tayfun BLOK 4" raketinə gəlincə, uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir. Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Polşanın “Defense Industry Europe” portalı yazır: ""TAYFUN"un təqdimatı texnoloji imkanlarına və Şərqi Aralıq dənizində güc balansına mümkün təsirinə görə ciddi diqqət cəlb edəcək".
İsrailin “Israel Defense” nəşri vurğulayır ki, bu raket Türkiyənin strateji imkanlarının inkişafında ciddi sıçrayışdır: “Gələcək versiyalarda uçuş məsafəsi 1000 kilometri keçəcək”.
Albaniyanın “A2CNN News”u isə yazır ki, “TAYFUN”un hipersəs versiyası - bu silah yüksək sürət və manevr qabiliyyəti ilə fərqlənir.
Hindistanın “NEWS18" platformasına görə, "TAYFUN BLOK-4" - “Türkiyənin hipersəs texnologiyalarına keçidinin simvoludur”.
Yunanıstanın “Geo Stratigika” portalı isə təqdimatı belə şərh edir: “Türkiyə yeni nəsil ballistik raketlərlə regionda güc balansını dəyişmək istəyir. Yunanıstan nə edir?”
Rusiyanın “RBK” agentliyi də xəbərə yer ayırıb: “Yeni raket müxtəlif tipli strateji hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir. Bu isə Türkiyənin hərbi imkanlarını yeni səviyyəyə çıxarır”.
Bəs Azərbaycan yeni silahları öz arsenalına rəsmən qatmağa nə qədər yaxındır?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Türkiyədə keçirilən sərgidə Azərbaycan pavilyonu da olub. Onun sözlərinə görə, iki qardaş dövlətin hərbi-siyasi müttəfiqliyi günbəgün yüksəlişdədir: “Bu yaxınlarda müdafiə nazirlərinin görüşü oldu, memorandum imzalandı. Habelə birgə hərbi təlimlər keçirilir, müttəfiqliyin artırılması istiqamətində fasiləsiz addımlar atılır. Hər iki dövlət anlayır ki, regionda və dünyada onların inkişafını, birliyini istəməyən qüvvələr var. Ona görə də müttəfiqliyi daha da dərinləşdirmək zərurətdir. Bu gün Türkiyəyə də xarici təzyiqlər var, Azərbaycana da şimaldan və cənubdan təhdidlər yağır, həmçinin Ermənistanla yekun sülh imzalanmayıb. O baxımdan, müttəfiqliyin güclənməsi vacibdir. Bizim sarsıtmaq istəyənlər, zəifləməyimizi gözləyənlər var. Amma Azərbaycan-Türkiyə müttəfiqliyi heç vaxt olmadığı qədər yüksəlməkdədir”.
Q.Hüseynli vurğuladı ki, bu birliyi möhkəmləndirən faktorlardan biri də Şuşa Bəyannaməsidir: “Sazişin xüsusi mahiyyəti odur ki, iki ölkədən birinə hərbü təcavüz olarsa, digəri ona hərbi dəstək verməlidir. Bu səbəbdən, Türkiyənin hərbi-sənaye kompleksinin inkişafı Azərbaycanın marağındadır. Düşmən qüvvələr, yenidən bölgədə müharibə, revanş həvəsində olanlar qardaş Türkiyənin bizim yanımızda olduğunu görür və çəkinir. Ümumiyyətlə, Laçın zirvəsi, ardınca Xankəndi toplantısı göstərdi ki, Azərbaycanın güclü müttəfiqləri var. Biri NATO dövləti Türkiyə, digəri nüvə dövləti Pakistandır. Bu nöqteyi-nəzərdən, bədxah qüvvələr nəticə çıxarırlar. Onlar Azərbaycana pislik etməyə cəhdin necə nəticələnəcəyini indidən başa düşürlər. Ermənistanı silahlandıranlar da bilməlidirlər ki, həm Azərbaycanın müdafiə qabiliyyəti getdikcə artır, yeni və müasir silahlar alırıq, Ordumuzun döyüş potensialı, peşəkarlığı daha da artmaqdadır, həm də Türkiyə kimi qardaş dövlət yanımızdadır. Ona görə belə dağıdıcı silahların olması çəkindirici rol oynayır”.
Siyasi ekspert Ramiyə Məmmədova isə qısa şərhində söylədi ki, Türkiyənin nüvə bombası olmasa da, getdikcə inkişaf edən hərbi-sənaye kompleksi bəzi dairələrə mesajdır. Onun fikrincə, Azərbaycana xor baxanlar da bu silahların zərbə gücünü dərk edirlər. R.Məmmədova xatırlatdı ki, 44 günlük müharibə dönəmində “F-16" qırıcıları Azərbaycanda idi və bu da bizim qardaş dövlətlə çiyin-çiyinə nəyə qadir olduğumuzu nümayiş etdirirdi.