Hazırda Ermənistana qarşı 4 iddia arbitraj məhkəmələrindədir.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-ləri Ermənistan hökumətinə istinadən məlumat yayıb.
Söhbət, xüsusilə, “Walnort Finance Limited” (Zəngəzur mis-molibden kombinatının səhmdarı), “Amulsar Investor Ventures LLC” (“Lydian International”ın səhmdarı), “Sanitek S.a.r.l.”, “Sari Haddad” və “Elias Doumet” (İrəvanda zibil yığımı üzrə keçmiş operator) və “Air Arabia” (aviadaşıyıcı və “FlyArna” şirkətinin həmtəsisçisi) şirkətlərinin iddialarından gedir. Ermənistandan tələb olunan kompensasiyaların ümumi məbləği 1,5 milyard ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Stokholm arbitraj məhkəməsi "Taşir" Şirkətlər qrupunun həbsdə olan rəhbəri Samvel Karapetyan və onun ailəsinin xeyrinə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi işi üzrə təminat tədbirləri haqqında qərar qəbul edib. Qərarda hökumət ölkə parlamentində qəbul edilmiş düzəlişləri tətbiq etməkdən, həmçinin "Ermənistan Elektrik Şəbəkələri"nin dövlətə verilməsi üçün növbəti addımlardan çəkinməyə məcbur edilib.