Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Ziyad Bayramovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Sabirabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərarı ləğv olunub. Sabirabad Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli hökmü mülki iddianın maddi zərər hissəsində dəyişdirilib. Mülki iddia maddi zərərin tələbinə dair hissədə baxılmamış saxlanılıb.
İttihama görə, hadisə 29 may 2024-cü il tarixdə, saat 13 radələrində Sabirabad rayonu Güdəcühür kəndində qeydə alınıb.
Belə ki, Səbuhi Bayramov həmkəndlisi, zərərçəkmiş Qulu Tahirova (adı, soyadı şərtidir) məxsus “Mercedes-Benz” markalı avtomobilin içərisində aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Buna səbəb isə Qulunun onunla sevgi münasibətində olan həmkəndlisi S.S.ni (adı, soyadı şərtidir) narahat etməsi olub. Bu zaman Səbuhi qəsdən yumruğu ilə zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarət yetirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd: Qulu Tahirov "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyir.