“Siyasi partiyaların Qarabağa səfərləri zamanı dəfələrlə maraqlanmışdıq ki, işğaldan azad olunmuş ərazilərdə sənaye şəhərlərinin, iqtisadi zonaların salınmasında özəl investisiyalar iştirak ediblərmi? Təsdiqləyirdilər ki, bəli, özəl investisiyalar var. Ancaq bunlar barədə ətraflı məlumat bilmirdik. Hamıya məlumdur ki, “Böyük Qayıdış” proqramına az qala yüz faizə qədər dövlət özü investisiya qoyur. Dövlət hətta yeri gələndə xaricdən də investisiya cəlb edir. Əlbəttə, sual doğurur. Mətbuatda bu qədər məmurun adı çəkilir ki, böyük vəsaitləri var. Bəs nə üçün Qarabağda bir kəndi belə təmir etdirmirlər? Əlbəttə, ciddi sualdır, amma izahı var. Bəli, məmurlar çox varlıdırlar. Görürük ki, adətən onlar da investisiyanı Azərbaycandan aparıb xaricdə qoyurlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Dəfələrlə Milli Məclisdə məsələ qaldırmışdıq ki, maliyyə amnistiyası elan olunsun. Bu vaxta kimi kim nə qazanıbsa, hansı yolla qazanıbsa, soruşulmayacaq. Çünki qeyri-ixtiyarı sual olunur ki, qanunla qadağan olunduğu halda bu qədər vəsaitləri necə toplayıblar? Korrupsiya ilə məşğul olublar? Yəni bu, açıq-aşkar şəffaf fəaliyyət deyil. Amnistiya elan olunsaydı və şərait yaradılsaydı, məmurlar Azərbaycan daxilində investisiya yatırardılar. Bilmirəm, nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə, görülən işlərə vəsait qoysalar, yenə də onlardan haqq-hesab tələb olunar. Bir sözlə, heç səxavətli də deyillər. Bir sıra səxavətli məmurlar görmüşük. Onların arasında təkcə keçmiş məmurlar deyil, indi vəzifədə işləyənlər də var. Həqiqətən, adları müəyyən xeyriyyə işlərində hallanıb. Rəsmi də olmasa, xəstələri müalicə etdiriblər, şəhər və kəndlərin qurulmasına köməklik ediblər. Amma sanki Qarabağ tək qalıb. Biz hələ bilmirik ki, yüz əlli milyard pulu xaricdə Ermənistandan təzminat kimi ala biləcəyikmi? “Böyük Qayıdış” proqramına keçmiş məmurların da dəstək verməsini arzu edərdik”, - o bildirib.