
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və bu komitənin sədri Araz Paşayevlə bağlı mediada məlumatlar az qala ədədi silsilə ilə tirajlanmaqdadır. Məlumatlarda bu təşkilatda yaşananlardan, Araz Paşayevin dünənindən və bugünkü idarəçilik prinsiplərindən bəhs edilir. Narazılıq dolu yazılarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun da adı öz yerində… Konkret faktlarla zəngin bu yazılara qarşı tərəfdən təkzibedici cavabların olmaması da məlum suallar doğurur.
İki gün əvvəl Yenixeber.org-da dərc edilən “Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus – Araz Paşayev Sahib Məmmədovun hədəfində” sərlövhəli yazıdan sonra redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır.
Məlumatlarda Araz Paşayevin keçmişindən – Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri postundakı fəaliyyətindən tutmuş, bugünkü idarəçiliyinə qədər əhatəli məlumatlar yer alır.
Sahibkar-məmurun karyerası
Xatırladaq ki, Araz Paşayev özünü həm də biznes sektorunda sınayıb və Yenixeber.org-a daxil olan məlumatlara görə, hələ də “ayağının biri biznesdədir”. Onun adı hələ Təhsil Tələbə Kredit Fondunun rəhbəri olduğu dönəmdə böyük məbləğlərlə ölçülən tender əməliyyatlarında hallanıb. Belə ki, “Universitas-International” Məhdud Məsuliyyətli Cəmiyyətinin Araz Paşayevə məxsus olması barədə iddialar mövcuddur.
Araşdırmalar göstərir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” MMC 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi isə Mustafayev Ayaz Mustafa oğlu göstərilib.
Bununla belə, reyestrdəki məlumatlarda MMC-nin ilk hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 13A, mənzil 125, qanuni təmsilçisi isə 2017-ci ildən 2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub.
Nəinki veb-səhifəsi, hətta ictimai əlaqə vasitəsi belə olmayan bu şirkətin yüksək məbləğlərlə tender “qalibi” olması ciddi suallar doğurur.
Məlumatlara görə, cənab Paşayevin yüksək dairələrlə şəxsi münasibətləri bu istiqamətdə əsas amillərdən biri sayılır.
Böyük kapital və böyük ambisiyalar
Məhz bu səbəbdən də, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hazırkı sədrinin böyük kapitala sahib olduğu bildirilir. Böyük kapital isə, təbii ki, yeni və böyük ambisiyalar yaradır. Yenixeber.org-a ötürülən məlumata görə, Araz Paşayev də öz kapitalından ruhlanaraq daha yüksək kürsüləri hədəfləyir.
Bu məqsədlə, rəhbərlik etdiyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini getdikcə “siyasi kluba” çevirdiyi iddia olunur. Məlumatlara əsasən, bu komitə artıq sırf həmkarlar təşkilatından çox, siyasi partiyanı xatırladır. Sanki, Paşayev bu qurumu gələcək karyerası üçün tramplin kimi görür, kadr seçir, komanda formalaşdırır.
Növbəti mərhələ
Məsələnin detalları və yeni faktlar üzərində araşdırmalar davam edir. Qarşıdakı günlərdə Araz Paşayevin həm keçmiş fəaliyyəti, həm də hazırkı “ambisiyalı idarəçilik” xətti ilə bağlı yeni faktlar ictimaiyyətə təqdim olunacaq.
Onu da qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədov Araz Paşayevin bu “özfəaliyyətindən” xəbərsiz görünür…
Mənbə: Yenixeber.org















