"Hökməli kənd icra nümayəndəsinin müavini Güləhməd Xəlilovla bağlı şikayətlər bitmək bilmir. Ən müxtəlif mövzularla bağlı olan şikayətlər içərisində xüsusi diqqət çəkən məqamlardan biri Güləhməd Xəlilovun qanunsuz tikililəri himayə etməsidir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra bildirir: "Məhz onun himayədarlığının nəticəsidir ki, Hökməlidə qanunsuz tikililərin sayı yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmaqdadır.
İcra nümayəndəsinin müavini uzun illərdir Qobu və Hökməlidə çoxlu sayda qanunsuz tikili himayə etməklə yanaşı, SOCAR-a məxsus ərazilərdə də bu cür tikililərə şərait yaratmaqdadır.
Kənd icra nümayəndəsinin müavini olaraq kənddə heç bir quruculuq işi və ya yaşıllaşdırma həyata keçirməyən Güləhməd Xəlilov, əlaqədar dövlət qurumlarının müvafiq xəbərdarlıqlarına baxmayaraq öz əməllərindən əl məkmək istəmir.
Vaxtiylə bələdiyyə sədri Hacı Mübariz tərəfindən əkilən ağacları da öz adına çıxan bu şəxs, yüksək gərginlikli elektrik xətlərinin altındakı əraziləri də qanunsuz tikililər üçün “açıq elan edib”.
Halbuki, bu cür xətlərin altında tikintilərin inşası qanun pozuntusu olmaqla yanaşı, vətəndaşların həyatı baxımından da ciddi təhlükə deməkdir..."















