Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdı. Xəbər verildiyi kimi, bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Astanada keçirdiyi mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Rəsmi İrəvan bunu dərhal alqışlayıb və Azərbaycan yüklərinin də Ermənistan ərazisindən Türkiyəyə və əks istiqamətdə daşınmasına şərait yaratmağa, həmçinin Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu bildirib. Ancaq məlumdur ki, Ankara Bakı və İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra bunun mümkün olduğunu bəyan edib.
Bəs Prezidentin o qərarından sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması tezləşə bilərmi?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Azərbaycan torpaqlarının işğalı zamanı, özəlliklə də Kəlbəcər rayonu işğal olunandan sonra Ermənistanla sərhədlərini bağladı və açmadı: “Türkiyə daim vədinə sadiq qaldı. Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edəndən sonra Prezident İlham Əliyevin belə bir açıqlaması oldu ki, artıq qardaş Türkiyə Ermənistan siyasətini istədiyi şəkildə müəyyənləşdirə bilər, Azərbaycanın buna etirazı yoxdur. Türkiyə ilə Ermənistan arasında bundan sonra dialoq başladı və dialoq davam edir. Buna baxmayaraq, Türkiyə sərhədi açmağa tələsmir. Türkiyə rəsmiləri bəyan edirlər ki, Ermənistanla Azərbaycan arasında birinci növbədə sülh sazişi imzalanmalıdır. Sülh sazişi bu ilin 8 avqustunda paraflanıb və Prezident İlham Əliyevin də söylədiyi kimi artıq biz sülh quruculuğu ilə məşğuluq. Üstəlik, İlham Əliyevin Astanada açıqladığı kimi artıq Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Bu mənada da düşünürəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq məsələsində sərbəst ola bilər. Amma hər halda Türkiyə rəsmilərinin əvvəlki mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır”.
Analitikin fikrincə, sülh sazişinin imzalanması üçün Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir: “Hələ ki, Paşinyanın seçilmək üçün reytinqi var. Lakin iyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də Türkiyə sərhədin açılması məsələsində hələ bir müddət də gözləmə mövqeyində qalacaq”.
Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Cənubi Qafqazda kommunikasiyaların hamısının açılmasına kompleks məsələ kimi yanaşmaq lazımdır: “Yəni nəzərə almaq lazımdır ki, bu kommunikasiya xətləri hamısı eyni vaxtda və eyni motivlə bağlanıb. Bu da Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı olub. İndi Azərbaycanın böyük bir jest edərək Ermənistana yüklərin daşınması öz ərazimizdən daşınması üzərindən məhdudiyyəti götürməsi kommunikasiya xətlərinin açılmasını sürətləndirə bilər. Ermənistan daha çox fayda üçün bütün kommunikasiya xətlərinin açılmasında maraqlı olmalıdır. O cümlədən, Zəngəzur dəhlizinin açılması üçün gərəkən işləri ən qısa müddətdə görməyə Ermənistan məhkumdur. Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasını təsəvvür etmək mümkün deyil. Ona görə ki, əvvəla, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması şərtləri ortaya qoyulub”.
“Yeni Müsavat”















