
İki gün öncə AzTV AYNA adlandırdığımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətini sorğuladı.
TV-nin əməkdaşı insanlara yaxınlaşaraq AYNA-nın fəaliyyəti ilə bağlı soruşdu, vətəndaşlar da təbii ki, cavabında qurumun fəaliyyətindən narazı qaldıqlarını dilə gətirdilər. Eyni zamanda "Azparkıng"lərdən yığılan pulların hara xərclənməsi və bu pulların əslində hara xərclənməli olduğu suallar kimi verildi. Təbii ki, vətəndaşlar yığılan pulların hara getdiyini irnonik olaraq cavablandırdılar.
Əsas diqqət isə sorğuya verilən cavablardan birinə yönəldi - "Ay AYNA, bizim pullar hara gedir?".
Tamamilə doğru sualdır, amma bu suala cavabı kim verməlidir? AYNA şefi Anar Rzayev, yoxsa? Sualdan bir neçə gün vaxt keçməsinə baxmayaraq, cavab yoxdur, olmayacaq da. Çünki, Anar Rzayev bu sualın cavabını verə biləcək səlahiyyətdə deyil. Niyə, bax əsl sual elə budur.
AYNA - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir qurumdur. Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri də Rəşad Babayevdir.
"Azparkıng" isə hansısa özəl şirkətdir. Bu şirkətin (https://azparking.az) rəsmi saytına girib baxsaq hər şey aydın olacaq. Rəsmi saytın "Haqqımızda" bölməsində sadəcə xidmətlər, nə etməlidirlər və sair məlumatlar yazılıb. Yəni, "Azparkıng" rəsmi olaraq, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, nə də AYNA-ya tabe deyil.
Sadəcə olaraq, bu xidməti bazara gətirməklə pul qazanılır.
Hə, yenə də o vətəndaşın verdiyi əsas "Ay AYNA, bizim pullar hara gedir" sualından yayınmayaq. Amma cavabı olmayacaq. Bu suala kimsə cavab verə bilməyəcək. Amma sualın cavabı hər ikisinə yəqin ki, bəlliidir.
Məsələn, ölkəmizdə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs adlı qurum var. AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasıdır.
"AZCON" Holding 3 istiqamətdə fəaliyyət göstərir - Nəqliyyat, kommunikasiya və istehsalat
Naqliyyat hissəsində
- Azərbaycan Hava Yolları - AZAL
- Azərbaycan Dəmir Yolları - ADY
- Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
- Bakı Metropoliteni
- BakuBUS
- Bakı Taksi Xidməti
Kommunikasiya hissəsində
Azərkosmos
Aztelekom
AzlnTelekom
Azərpoçt
"Teleradio" İB
İstehsalat hissəsində
Bakı Gəmirqayırma Zavodu
Holdinqin rəsmi saytında da qeyd olunur ki, - AZCON olaraq məqsədimiz dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün dövlət müəssisələrinin səmərəli idarə olunmasını təmin etməklə uzunmüddətli dəyər yaratmaq, idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan dayanıqlı inkişaf modeli formalaşdırmaqdır. Korporativ idarəetməyə sistemli və vahid yanaşmamız dövlət müəssisələrinin daha effektiv və milli inkişaf prioritetlərinə uyğun fəaliyyət göstərməsinə şərait yaradır.
"AZCON" Holdingin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.
Yəni, yuxarıda adları qeyd olunan qurumlarla bağlı irad və təklifləri, hansısa sualları "AZCON" Holdingə və ya Rəşad Nəbiyevə ünvanlamaq olar. Cavab veriləcək, ya yox, o artıq başqa məsələdir.
Eyni zamanda, AYNA da AZCON Holdinqə tabe qurum olmasa da, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin nəzarətindədir. Bu qurumdakı biabirçılıqları da Rəşad Nəbiyevə ünvanlamaq mümkündür.
Amma "Azparking" isə özəl şirkətdir. Onun qazancını, xərcini, toplanan pulların miqdarını da özləri bilirlər. Qazanırlar, özləri üçün də xərcləyirlər.
Hər yerdə ağ xətt var? - Var
Nəzarətçi var? - Var
Vətəndaşa cərimə yazırlar? - Yazırlar
Qazancdan AYNA-ya müqavilə üzrə pul ödəyirlər? - Bəli
Bu pulun miqdarını vətəndaş bilməlidir?- Xeyr
Beləliklə, AzTV-nin efirindən səslənən - "Ay AYNA, bizim pullar hara gedir" sualının cavabı yoxdur. Çünki, "Azparkıng"in Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin deyil. Rəşad Nəbiyevindir? Onu da bilmirik. O, sadəcə heç bir rəsmi quruma tabe olmayan, özəl şirkətdir. Öz ölkəmizdə yeri xətləyib, bizdən pul toplamaq üçün yaradılan bir özəl şirkət. Vətəndaş nə karədir ki, bu pulların hara getdiyini soruşsun!!!
Ədil Hüseynov - "Bizim xəbər"















