İranın yollar və şəhərsalma naziri Sadeq Malvacerd bəyan edib ki, İran sanksiyalara baxmayaraq, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Astara–Rəşt dəmir yolunun tikintisinin tamamlanmasına ciddi diqqət yetirir.
Nazir hökumət iclasının kuluarlarında jurnalistlərlə söhbətində vurğulayıb ki, İran ölkənin şimalında yerləşən Rəşt–Astara dəmir yolunun tikintisinə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ən mühüm layihələrdən biri kimi xüsusi önəm verir. İran, Azərbaycan və Rusiya arasında Bakıda keçirilən üçtərəfli görüşü şərh edən Malvacerd bildirib ki, Rəşt–Astara dəmir yolu “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafının bir hissəsidir və bu marşrutun həmin hissəsində hazırda dəmir yolu yoxdur. Nazirin sözlərinə görə, İran tərəfi dəmir yolunun keçəcəyi torpaq sahələrinin alınması prosesini ilin sonunadək başa çatdıracaq. Rusiya tərəfi isə artıq dəmir yolunun tikintisi məsələsini öyrənməyə başlayıb. O, həmçinin vurğulayıb ki, nazirliyi sanksiyalara baxmayaraq, “Şimal–Cənub” dəhlizinin birləşdirilməsinə prioritet diqqət yetirir.
Burada haqlı sual yaranır: Bakı ümumiyyətlə bu layihənin davam etdirilməsində nə dərəcədə maraqlı olmalıdır? Biz iki təcrid olunmuş dövlətin arasında yerləşirik və Azərbaycanın bu təhlükəli subyektlər arasında əlaqəni asanlaşdırması vacibdirmi? Bizim iqtisadiyyatımız Rusiya ilə İran arasında nəqliyyat əlaqəsini təmin etmədən də keçinə bilməzmi? Əgər bu onlara lazımdırsa, dəniz və hava yolu ilə əlaqə qura, yaxud, Türkmənistan və Qazaxıstanın razılığı ilə Xəzərin şərq sahili boyunca yol çəkə bilərlər.
Məsələ ilə bağlı Pressklub.az saytına açıqlama verən müstəqil analitik Rəşad Rzaquliyevin sözlərinə görə, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ciddi ekspertlər tərəfindən Avrasiyanın nəqliyyat karkasının ən mühüm elementi kimi qiymətləndirilir.
Bəs “Şimal–Cənub” layihəsi nədir? Bu, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr ilə Cənubi Asiya, Şərqi Afrika və Yaxın Şərq dövlətləri arasında yüklərin ən qısa məsafədən quru və multimodal daşınması marşrutudur. Bu həm də Rusiya üçün Türkiyə, Çin və İran istiqamətinə birbaşa çıxış deməkdir. Özünüz düşünün, belə bir layihə bu sistemin əsas nəqliyyat-logistika qovşağı olan Azərbaycanın maraqlarına uyğundurmu? Şübhəsiz ki, uyğundur.
İranın bu məsələdəki mövqeyinin apatiyadan aktivliyə doğru bu qədər kəskin dəyişməsinin səbəbi sadədir. Mənim fikrimcə, bu, ABŞ-ın “Orta Dəhliz” layihəsində mübahisəli Zəngəzur hissəsində peyda olması ilə bağlıdır. Əslində, “Tramp marşrutu” adlandırılan bu layihə ABŞ-ın Cənubi Qafqaza dolayı iqtisadi və hərbi-siyasi nüfuzunun artması deməkdir – bu isə həm İranın, həm də Rusiyanın maraqlarına ziddir.
Milli maraq deyilən bir anlayış var. Bizim üçün dünya geosiyasi mərkəzləri arasında siyasi qarşıdurmadan kənar şəkildə həm “Orta Dəhliz”, həm də “Şimal–Cənub” layihəsində iştirak sərfəlidir. Bu, həm dövlətçiliyimizin qorunması və möhkəmlənməsinin, həm də Azərbaycanın rifah səviyyəsinin, siyasi çəkisinin və iqtisadi nüfuzunun artmasının ciddi təminatıdır.
Əgər bunun üçün müəyyən qədər böyük dövlətlərin ziddiyyətləri üzərində “oynamaq” lazım gələcəksə, bu, faciə deyil. Dövlətçiliyimizin formalaşma prosesindəki çətinliklər bizə çox şey öyrədib”, – Rzaquliyev yekunlaşdırıb.















