Respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirmək üçün Dövlət Turizm Agentliyi mövcuddur. Lakin hazırda ölkəmizdə bu sferada bir pərakəndəlik hökm sürür. Xüsusilə də bu özünü daxili turizmdə büruzə verir.
"REFERANS" bildirir ki, sosial şəbəkələrdə müxtəlif daxili tur elanlarını görmək olar. Əsasən birgünlük və ikigünlük səyahət xidmətləri təklif edən şirkətlərin əksərinin heç bir sənədi olmur. Yalnız fiziki şəxs kimi vergi xidmətində qeydiyyata düşərək ilin bütün fəsillərində fəaliyyət göstərirlər. Bu işlə məşğul olan adamlara Dövlət Turizm Agentliyi heç bir söz demir, işlərinə müdaxilə etmirlər.
Turların təşkili üçün yığılan pulların qarşılığında qəbz verilmir, səyahət edənlər sığorta olunmur, səyahət marşrutu istədikləri kimi dəyişdirilir. Bələdçinin, tur rəhbərinin turizmə dair bilik səviyyəsini bilmək olmur. Bəziləri getdikləri məkanlar haqqında məlumatsız olurlar. Səfər etdikləri guşələrin tarixi haqqında dolğun informasiya verə bilmirlər. Bir günün içində 5-6 rayondan keçib tələsik ekskursiya təşkil edirlər. Yəni, kəmiyyəti keyfiyyətdən önə gətirirlər. Onlar üçün əsas puldur.
Kirayə avtobus və nabələd bələdçilərdən ibarət turlara görəsən cənab Fuad Nağıyevin rəhbərlik etdiyi Dövlət Turizm Agentliyi niyə nəzarət etmir və ya edə bilmir? Axı bu agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasına, hüquqi və fiziki şəxslər arasında əlaqələndirmə işlərinə məsul qurumdur.
Görəsən bu tur şirkətlərinin arxasında kimlər dayanır ki, Fuad müəllim onların işinə müdaxilə edə bilmir? Bu turların hər biri ilə hər gün ölkənin müxtəlif istiqamətlərinə 50-100 arası adam daşınır. Deməli, hər gün yüzlərlə insanın taleyi ilə oynanılır, kimlərinsə cibləri dolsun deyə…
Bir dövlət təşkilatı kimi Dövlət Turizm Agentliyi, bir dövlət məmuru olaraq cənab Fuad Nağıyev nə üçün rəhbərlik etdiyi sahədə qayda-qanun yaratmağa meyl etmir? Ümumiyyətlə, turizm sahəsində cövlan edən bu şirkətlərə görə məsuliyyət daşıyan təşkilat, şəxs varmı? Bu turlarda işləyənlərin əmək münasibətləri, sığortalanmaları necə tənzimlənir?
Cavabı turizm sahəsinə məsul şəxslərdən gözləyəcəyik.
REFERANS MEDİA
















