Sabah Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sahibkarlarla xüsusi görüş keçiriləcək.
Ajans.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, görüşün hər bir sahibkarla fərdi xarakter daşıyacağı və yalnız AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin iştirakı ilə baş tutacağı bildirilib.
Görüşə dəvət edilən bir neçə sahibkara bu barədə həm rəsmi e-mail vasitəsilə, həm də telefon zəngi ilə məlumat verilib. Lakin qeyd olunub ki, jurnalistlərin və media nümayəndələrinin tədbirdə iştirakı mümkün olmayacaq.
Görüşün əsas məqsədi sahibkarlar arasında yaranan narazılıqların şəxsən dinlənilməsi və müvafiq həll yollarının tapılmasıdır. Məlumatlara görə, son dövrlərdə sahibkarların bəzi məsələlərlə bağlı narazılıqları yuxarı dairələrdə diqqət çəkib. Bu narazılıqların həlli məqsədilə AQTA rəhbərliyinə sahibkarları qəbul etmək və onların problemlərini şəxsən dinləmək tapşırılıb.
Qeyd edək ki, AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarların narazılıqları əsasən sənədləşmə, icazələrin verilməsi və yoxlamalarla əlaqədar problemlərdən ibarətdir. Görüşün nəticələri ilə bağlı hər hansı rəsmi açıqlamanın verilib-verilməyəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Hesablama Palatası bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərinin qiymətləndirilməsində nöqsanlar aşkarlayıb. Qeyd edilib ki, ölkə ərazisində bir çox sərhəd-keçid məntəqələrində qida təhlükəsizliyinin təmin edilməsində çatışmazlıqlar var. Xüsusilə, Qazax rayonundakı "Qırmızı Körpü" sərhədində tədbirlərin operativliyi önə çıxıb, amma digər məntəqələrdə bu cür məntəqələrin olmaması təhlil edilib. Ayrıca, "Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi üzrəyə böhran vəziyyətləri planı" olsa da, simulyasiya təlimləri keçirilməyib və elektron sertifikatların verilməsi hədəflərinə çatılmayıb.