Fuad Nəcəfov Naxçıvanı tərk etdi...
Heç şübhəsiz, əksəriyyətin marağına səbəb olan bir məqam var: 3 il kimi qısa müddətdə, görəsən, Fuad başından yekə hansı qələti eləyib ki, tutub qulağından atıblar bayıra?
Deyim, siz də bilin...
Əvvəlcə şəkildə Fuada arxa çevirən adam barədə qısa məlumat verim... Bu adam Zaur Axundovdur. Tanınmış biznesmendir, Naxçıvanın "Araz" futbol komandasının sahibidir. Başqa biznes sahələrində qazandığı puldan futbola sərmayə qoyur. Söz verib ki, "Araz"ı Avropa səviyyəsində bir kluba çevirəcək. Təbii ki, onun bu təşəbbüsü təqdirəlayiqdir.
Ümumiyyətlə, Zaur Axundov barəsində yalnız xoş sözlər eşitmişəm. Adamı tanımıram, adını belə, 3 gün öncə eşitmişəm. Kimdən soruşdum, hər kəs müsbət rəy verdi.
Xülasə, qayıdaq mətləbə...
Cənab Prezident sabiq Naxçıvan xanını iti qovan kimi xanlıq taxtından qovandan sonra onun haram yolla əldə etdiyi əksər mülkləri satışa çıxarıldı. Xan bu yolla canını həbsdən qurtardı.
Vasif xanın mülklərinə bir çox iş adamı talib olsa da, iqtidar obyektlərin rentabelliyinin düşməməsi üçün məhdud sayda iş adamının əlinə keçməsində maraqlı idi. Deyə bilmərəm bu metod daha sərfəli idi, ya yox, ancaq fakt odur ki, Talıbovların Bakıda və Naxçıvanda olan çoxsaylı gəlirli biznes sahələri cəmi 2-3 adamın əlinə keçdi. Ən çox obyekt satın alan iş adamı isə Zaur Axundov olub. Deyilənə görə o, Talıbovların satışa çıxarılan mülklərinin təxminən 70 %ni satın alıb.
Anlaşılmazlıq olmasın deyə, onu da qeyd edim ki, xanın satılan obyektlərinin pulu xüsusi bir hesaba köçürülürmüş, oradan da işğaldan azad olunan torpaqlarda quruculuq işlərinə sərf olunurmuş.
Əslində, bütün bu proses təqdirəlayiqdi. Bəs bu işlərin Fuad Nıcəfovla nə əlaqəsi, onun "başının yeyilməsi"nə niyə səbəb oldu? Sən demə, bütün alqı-satqı prosesləri onun nəzarəti altında həyata keçirilirmiş. O da fürsətdən istifadə edib, "otkat" yoluyla külli miqdarda gəlir sahibi olub. Belə ki, satışa çıxarılan hansısa obyekt qiymətləndiriləndə ikili qiymətləndirmə sistemindən istifadə olunub. Məsələn, Fuad Nəcəfov Zaur Axundova deyib ki, bu obyektin qiyməti filan qədərdir, sən onun 60 %-ni dövlətin dediyi hesaba köçür, 40 %-ni də mənim hesabıma köçür. Beləliklə, Fuad Nəcəfov Vasif xanın təkcə Zaur Axundova satılan obyektlərindən "otkat" yoluyla 1 280 000 000 - bir milyard iki yüz səksən milyon manat gəlir əldə edib.
Sizcə bu acgözlüyü ona bağışlayardılar? Məncə, o, işdən çıxarılmaqla canını qurtara bilməz.
Fərəməz Novruzoğlu - "DİA-AZ"








