Son günlər Azərbaycanda ictimai müzakirələrin ən çox diqqət çəkən mövzularından biri yenə də məmurlar və onların fəaliyyəti ilə bağlıdır. İnsanların gündəlik həyatına birbaşa təsir edən qərarların arxasında dayanan bu təbəqə - dövlət idarəçiliyinin əsas dayağı sayılan məmurlar nədənsə cəmiyyətin gözündə etimad qazana bilmirlər.
Məmur dedikdə, ilk növbədə dövlətə xidmət göstərən, qanunları icra edən, xalqın rifahı üçün çalışan şəxs nəzərdə tutulur. Amma təəssüf ki, Azərbaycanda məmur anlayışı heç vaxt real həyatda özünün tam mənasında təzahür etmir. Cəmiyyətdə formalaşmış “məmur obrazı” bəzən səmimiyyətdən çox formalizm, şəffaflıqdan çox maraq güdməklə assosiasiya olunur.
Ən çox tənqid edilən məsələlərdən biri bəzi məmurların vəzifədən şəxsi maraqları üçün istifadə etməsidir. Bu isə vətəndaş-məmur münasibətlərində inamsızlıq yaradır. İnsanlar dövlət qurumuna deyil, orada çalışan fərdlərin davranışına əsasən münasibət formalaşdırır. Uzun illərdir cəmiyyətdə “məmur” anlayışı xalqın xidmətçisi kimi deyil, öz marağını qoruyan, kreslosuna yapışmış bir fiqur kimi formalaşıb. İnsanlar məmuru çox vaxt korrupsiya, laqeydlik, özbaşınalıq, ədalətsizliklə eyniləşdirir. İnsanları isə qınamaq olmaz, haqlıdırlar. Çünki hansı məmuru “silkələsən”, onun mənzilləri, bağ evləri, bahalı avtomobilləri, torpaq sahələri, biznes obyektləri ortaya çıxacaq. Biz bunu DTX-nın, Korrpusiyaya qarşı Mübarizə İdarəsinin saxladığı məmurların timsalında çox görmüşük.
Təbii ki, insanların məmur təbəqəsinə münasibəti mənfi olanda dövlətin imici də korlanır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də dünən bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərkən “məmur obrazı”na toxundu:
“Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Təəssüf ki, dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxaran məmurlar azdır. Bəlkə də barmaqla sayılacaq qədər. Vəzifəyə təyin olunanların 90 faizi anlamaq istəmir ki, məmur olmaq imtiyaz deyil, xidmətdir. Dövlətin isə gücü onun qanunlarında deyil, o qanunları həyata keçirən insanların vicdanında və məsuliyyətindədir
Azərbaycanın yenidən müstəqil olduğu 30 illik zaman kəsiyində məmur təbəqəsinin müsbət imici formalaşmayıb. Ölkədə orta ranqlı bir məmur – hansısa icra başçısı işdən çıxarılanda, ya da həbs olunanda sosial şəbəkələrdə sanki bir bayram havası yaşanır. Sanki ədalət hissinin qismən bərpası müşahidə olunur. Bəs niyə?
Sadə vətəndaşın təcrübəsində məmur dedikdə, qarşısında “Sən kimsən?” tonuyla danışan, kiçik problemi belə həll etməyə laqeyd yanaşan bir obraz canlanır. O səbəbdən də, belə biri işdən çıxarılanda, insanlar bunu sadəcə bir şəxsin getməsi kimi deyil, bir ədalətsizliyin sonu kimi görürlər.
O da var ki, məmurlar məsələsinin aktuallığı təkcə onların davranışından asılı deyil. Cəmiyyət də bu prosesdə fəal mövqe tutmalıdır. İctimai nəzarət, media fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının rolu burada böyük əhəmiyyət kəsb edir. Şəffaflıq yalnız “yuxarıdan” deyil, həm də “aşağıdan” gələn tələbkarlıqla möhkəmlənir. Di gəl ki, bizdə “aşağıdan” gələn tələbkarlıq da yoxdur. Bunun da müxtəlif səbəbləri var və ayrıca bir mövzudur.
Müşahidələr göstərir ki, Azərbaycanda məmurlar çox zaman “toxunulmaz” statusu ilə yaşayırlar.
İctimaiyyət bu şəxslərin nəyə görə işdən çıxarıldığını bilmir, amma səbəb axtarmağa da ehtiyac duymur: “Onsuz da nəsə etmişdi”, - deyirlər.
Bu etimadsızlıq hissi artıq elə dərinləşib ki, cəmiyyətdə məmurun günahsız ola biləcəyi düşüncəsi belə qəribə səslənir.
Hər dəfə hansısa məmurun işdən çıxarılması xəbəri yayılanda, bu, sanki illərlə yığılan narazılığın boşalması üçün bir fürsətə çevrilir. Xalq düşünür: “Bax, nəhayət, kimlərinsə də başı gedir”. Bu, insanların emosional rahatlama formasıdır – yəni bir növ ədalət illüziyası.
Cəmiyyətin bir başqa illüziyası da budur: bir məmurun gedişi ilə nələrdə dəyişəcək.
Təəssüf ki, məmurlar bir-birini əvəz edir, vətəndaşın problemləri yerində sayır. Ona görə də hər dəfə sevinən xalq bir müddət sonra yenə məyus olur. Bu, təkrarlanan ümid və məyusluq döngüsünə çevrilib.
Əsl dəyişiklik isə məmurun getməsi ilə deyil, məmur anlayışının dəyişməsi ilə baş verəcək – yəni məmur xalqın xidmətçisi olacaq, ağası yox.
O zaman, bəlkə də bir gün məmurun işdən çıxarılması xəbəri heç kimi sevindirməyəcək.
Ə.Qafarlı Modern.az








