Son illərdə təhsil siyasətində səslənən ən ziddiyyətli cümlələrdən biri budur:
“5-10 nəfəri olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil.”
Bu fikir Təhsil naziri Emin Əmrullayevə məxsusdur. Amma bu cümlə təkcə yanlış deyil — həm də təhsilin fəlsəfəsinə, bərabər imkan prinsipinə və insan haqlarına ziddir.
Kiçik məktəbi bağlamaq — kəndi öldürməkdir
Nazirliyin kabinetlərindən görünməyə bilər, amma ucqar kənddə məktəb varsa, o kənd yaşayır. Məktəb o kəndin ürəyidir — bağlandımı, kənd də bitdi. “Səmərəsizlik” adı ilə 5-10 nəfərlik məktəblərin birləşdirilməsi əslində regionların tərk edilməsi, kəndlərin boşalması siyasətidir.
Bu gün Azərbaycanda bir çox ucqar kəndlərdə uşaqlar məktəbə getmək üçün 5–10 km yol qət edir, bəzən dağ aşır, bəzən qışda yollarda ilişib qalır. Amma “keyfiyyətsiz” deyilən həmin kiçik məktəblərdə təmənnasız, fədakar müəllimlər illərdir dövlətin yükünü öz çiynində daşıyır.
Keyfiyyət nə ilə ölçülür — sayla, yoxsa insanla?
Nazirliyin baxışı sadədir: çox şagird – çox nəticə. Amma təhsilin keyfiyyəti say göstəricisi deyil, münasibət göstəricisidir. 5 nəfərlik sinifdə müəllim hər uşağın dərdini, imkanını, ailə durumunu, öyrənmə tərzini bilir. Bu, fərdiləşdirilmiş təlimdir – yəni o model ki, Finlandiya və Estoniya kimi ölkələrdə təhsil uğurunun əsası sayılır.
Əgər 5 uşağa keyfiyyətli təhsil vermək mümkün deyilsə, onda Nazirlik yüz minlərlə şagirdin təhsilinə rəhbərlik edib keyfiyyət yarada bilirmi?
Texnologiya var, iradə yoxdur
Əgər problem resursdursa, texnologiya bu fərqi çoxdan aradan qaldırıb. Distant təhsil, interaktiv platformalar, rəqəmsal resurslar sayəsində ucqar məktəblər dünyanın istənilən dərsliyinə, istənilən müəllimin dərsinə çıxış tapa bilir. Amma problem orada deyil. Problem niyyət və diqqət çatışmazlığındadır.
Kənd məktəbi dövlət üçün yük deyil, milli varlığın dayaq nöqtəsidir.
Böyük məktəblərdə keyfiyyət varmı?
İndi sual edək: bəs 1500 nəfərlik məktəblərdə təhsil doğrudanmı “keyfiyyətlidir”? 40 nəfərlik siniflərdə müəllim neçə uşağın potensialını görür? Qapıda formanı yoxlayan, amma sinifdə insanın ruhuna baxmayan sistemdə say çoxluğu keyfiyyət demək deyil.
Əksinə, o sistemdə itən uşaq çox olur, unudulan istedadlar çox olur, itən ümidlər çox olur.
Kiçik məktəblər — təhsilin vicdanıdır
Bəli, bəzən ucqar kənddə cəmi 7 şagird olur. Amma o 7 uşaq üçün müəllim hər səhər 10 km yolu piyada gedir. O məktəbdə heç bir layihə, PR və yaxud “təhsil siyasəti” yoxdur — sadəcə saf müəllimlik var.
Bəs kim deyə bilər ki, bu fədakarlıq keyfiyyət deyil?
Əsl keyfiyyət oradadır — orada ki, müəllim tədrisi deyil, həyat dərsini keçir.
Kiçik məktəbləri dəyərsiz saymaq, əslində insanı sistemin ölçüsünə sığışdırmaq cəhdidir.
Əgər 5 uşağa təhsil verməyi “mümkünsüz” hesab edirsənsə, o zaman 5 milyon uşağa təhsil vermək cəhdini necə əsaslandırırsan?
Kiçik məktəblər Azərbaycanın təhsil ruhudur.
Onları “say azdır” bəhanəsi ilə bağlamaq, təhsili ruhsuzlaşdırmaq deməkdir.
TEHSİL.media








