Qum və çınqılın 5 dəfə bahalanması Şahbuz rayonunda tikinti işlərinin dayanmasına səbəb olub. Bahalanmaya səbəb isə, Naxçıvan Su Ehtiyatları Agentliyinin bu məhsulların istismarına qadağa qoymasıdır.
Əvvəllər bir maşın qum və ya çınqıl 50-60 manata satılıqdısa, qadağadan sonra yaranan qıtlığa görə, bu qiymət 250-300 manata qaldırılıb. Bu səbəbdən rayon ərazisində fərdi tikintilər dayandırılıb.
Dyanan tikintilərdən biri də Ayrınc kənd sakinlərinin şəxsi vəsaiti hesabına inşa etmək istədikləri xeyir-şər evidir. Çarəsiz qalan sakinlər yaranmış vəziyyətlə bağlı hətta İlham Əliyevə rəsmi müraciət etdiklərini bildirirlər:
“Kəndimizdə xeyir-şər evi yoxdu deyə, öz vəsaitimiz hesabına tikmək qərarına gəldik. Qum-çınqıl istismarına üç aydır qoyulan qadağa üzündən işimizi yarımçıq saxlamışıq. Sürücülər tikinti üçün lazım olan qumu 50-60 manata gətirib satırdılar. Bu həm bizə sərf edirdi, həm də onlarla sürücü ailəsinə çörək apara bilirdi. İndi həm onlar ailələrinə çörək pulu qazana bilmir, həm də biz məcburuq ki, lazım olan qum və çınqılı şəhərdən gedib 250-300 manata alaq. Bu isə tikinti aparanlara sərf etmir.
Biz aidiyyəti qurumlardan tələb edirik ki, bu lazımsız qadağa aradan qaldırılsın.
Naxçıvandakı son hakimiyyət dəyişikliyindən sonra insanlarımızın gələcəyə ümidi daha da artmışdı. İlk zamanlar bəzi müsbət hadisələr olsa da sonradan hər şey əvvəlki vəziyyətdən də pis oldu. Hər yeri monopoliyaya alıblar, indi də qum-çınqıla keçiblər.”
"Gündəlik Naxçıvan"