“Universitetlərin başı şəxsi biznes qurmağa, öz dost-tanışlarını vəzifələrə gətirməyə qarışıb”.
Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yüksək yer tuta bilməməsinin səbəblərini şərh edərkən deyib.
Ekspert bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan isə cəmi 6–7-si beynəlxalq reytinqlər istiqamətdə fəaliyyət göstərirlər. Digər universitetlər isə, təəssüf ki, yalnız “divardan və partadan” ibarətdir:
“Hər il müxtəlif beynəlxalq reytinqlər açıqlanır – məsələn, QS və “Times Higher Education” (THE). Bunların hər biri Azərbaycanın ali təhsil sisteminin beynəlxalq reytinqlərdəki mövqeyi üçün çox vacibdir.
Hər il bu reytinqlər açıqlananda görürük ki, bəzi Azərbaycan universitetləri 2000-lik siyahıya düşə bilir. Sevindirici haldır ki, İqtisad Universiteti 2000-likdə yer alıb. Amma QS reytinqində Bakı Dövlət Universiteti daha öndədir.
Bu il reytinq göstəricisində 115 ölkədən 2191 universitet iştirak edib. Təəssüf ki, bu siyahıda Azərbaycanın mövqeyi ürəkaçan səviyyədə deyil. Halbuki, ölkəmizdəki ali təhsil müəssisələrinin maliyyə imkanları və kadr potensialı daha yaxşı nəticələr göstərməyə tam imkan verir. İqtisad Universiteti və Bakı Dövlət Universiteti dünya reytinqlərində daha yüksək yerlərdə olmalıdır”.
O qeyd edib ki, müqayisə üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ermənistanın ali təhsil müəssisələrinə baxsaq fərqli mənzərə görürük:
“Məsələn, Qazaxıstanın “Nazarbayev Universiteti” eyni siyahıda 450-də, “Əl-Farabi” Universiteti isə daha yuxarı sıralarda qərarlaşıb. Özbəkistanda “Daşkənd Universiteti” 550-ci yerdədir. Gürcüstanda Tbilisi Dövlət Universiteti də bizdən daha yüksək nəticə göstərir.
Əslində, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti və Texniki Universitet kimi ali məktəblərin potensialı var ki, ilk 1000-likdə yer alsınlar. Amma bu gün universitetlərimizin əksəriyyəti texniki və təbiət elmləri, mühəndislik istiqamətləri üzrə elmi-tədqiqat işlərinə lazımi diqqət yetirmirlər.
Təəssüf ki, bəzi ali təhsil müəssisələri reytinqlərlə bağlı saxtakarlıqla məşğuldur. Onlar cəmiyyəti və bəzən də dövlət rəhbərliyini aldadırlar. Universitetlər, adətən, reytinqlərdə adlarının çəkilməsi üçün xaricdəki alimlərə pulla əməkdaş statusu verirlər. Məsələn, həmin alimlərə ayda 5-6 min dollar ödənilir ki, elmi məqalələrdə universitetin adını qeyd etsinlər. Halbuki o pula Azərbaycanda gənc alimlər yetişdirmək olar”.
Kamran Əsədov vurğulayıb ki, Azərbaycan beynəlxalq reytinqlərdə olmalı olduğu yerdən kifayət qədər geridədir:
“Minimum 5 il vaxt lazımdır ki, müsbət irəliləyiş baş versin. Lakin nəzərə alınmalı əsas məqam bizim müstəqillik dövrümüzün 33 ildən çox olmasıdır. Misal üçün 2015-ci ildən sonranı götürək: Nə etmişik? Həmin dövrdən bu günə qədər 51 universitetdən yarısı saxta və yalançı reytinqlə məşğul olub.
Azərbaycana xaricdən tələbə gəlirmi? Ərazisi Bakı şəhərinin yarısı qədər olan Sinqapurun iki universitetində xaricdən 80 min xarici tələbə təhsil alır. Azərbaycanda isə 51 universitetdə yalvar-yaxar, xahişlə, təqaüdlə cəmi 9 min xarici tələbə var. Onların da əksəriyyəti Nepal, Banqladeş, Pakistan, Əfqanıstan kimi ölkələrdən, evindən qaçan avaralar, hətta cinayətkarlardır.
Bir sözlə, bu gün Azərbaycan universitetləri daha yaxşı nəticə göstərə bilərlər. Sadəcə olaraq Elm və Təhsil Nazirliyi bu istiqamətdə iş görmür. Universitetlərin başı şəxsi biznes qurmağa, öz dost-tanışlarını vəzifələrə gətirməyə qarışıb. Belə olan halda isə vəziyyətimiz elə acınacaqlı olaraq da qalacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyin məlumatına görə, ilk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də yer alır. 1501+ diapazonunda yer alan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.