Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan təzədən xortlayıb. Rusiyanın tulası olduğu şəkk-şübhə doğurmayan, tarixin zibilliyinə atılmış bu siyasi meyit oktyabrın 6-da İrəvanda keçirdiyi mətbuat konfransında yenə Kremlin maraqlarını təbliğ eləməyə çalışıb.
Həmin maraqların bölgə xalqlarının, o sırada Ermənistan cəmiyyətinin mənafeyinə uyğun olmadığı artıq “daşlaşmış” həqiqətdir. Bu xüsusda avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın qarantorluğu ilə imzalanmış məlum sənədləri, özəlliklə paraflanmış sülh sənədini Köçəryanın hədəfə alması və gözdən salmağa çalışması qətiyyən təsadüfi deyil.
Köçəryanın sözlərinə görə, əldə olunan razılaşmalardan yalnız ABŞ və Azərbaycan uduşda olub, Ermənistan hakimiyyəti isə yalnız xalqı növbəti dəfə aldatmaq imkanı qazanıb. “Birləşmiş Ştatlar gələcək dəhliz üzərində nəzarəti, İranla sərhədə effektiv nəzarət və Trampı Nobel mükafatına namizəd göstərmək imkanı əldə edib. Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, Minsk Qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvinə nail olub”, - Köçəryan bildirib.
O, sənədlərdə Ermənistanın xeyrinə heç nə tapmadığını iddia edib: “Heç nə, sıfır. Yalnız problemlər. Bircə Paşinyan Trampın imzası olan fotoşəkil, eləcə də heç bir hüquqi qüvvəsi olmayan və erməni xalqını növbəti dəfə aldatmağa imkan verən kağız əldə edib”.
Diqqət edin, Xocalı canisi Ağ Evdə imzalanan, Tampın da imzası duran sənədləri, həmçinin paraflanan sülh müqaviləsini kağız parçası adlandırır. Yəni işarə vurur ki, hakimiyyət radikalların əlinə keçsə, həmin sənədlər işləməyəcək.
Ermənistan Baş naziri Administrasiyasının rəhbərinin müavini Taron Çaxoyan ölkənin keçmiş prezidenti Robert Köçəryanın bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarına münasibət bildirib. O, bu barədə sosial media hesabında yazıb. “Köçəryan erməni xalqına, Ermənistana nifrət edir. Əvvəlcə Ermənistanı müharibəyə qızışdırmaqda ittiham etdi, sonra bəyan elədi ki, Ermənistanı gəzmək, xalqla ünsiyyət qurmaq heç də xoş deyil. Bundan başqa nə deyə bilərdi?
Onu da açıqladı ki, siyasətə qarışmaq istəmir, amma onu (Rusiyadan) məcbur edirlər. Vaxtilə prezident kürsüsünü ələ keçirmiş Robert Köçəryan Ermənistan Respublikası üçün biabırçılıqdır", - Çaxoyan qeyd edib. İrəvan Şəhər Şurasının Hayk Saakyan da Robert Köçəryanın fikirlərinə reaksiya verib:
“Köçəryanın mətbuat konfransına məzmun baxımından reaksiya vermək istədim, amma uyğun bir söz tapmadım. Köçəryan dəyişməyib və dəyişməyəcək də. Necə ki, hakimiyyətdə olduğu illərdə bu xalqı iyrəndirib və nifrət oyadıb, eyni hal indi, müxalifətdə olduğu dövrdə də davam edir. Xəritə böyüyüb - Rusiyadan başqa dövlətlər də var (bu haqda da danışın). Cənab Köçəryan, Putinin doğum günü mübarək, başınızın üstündən əskik olmasın. Bu, kimyadır”.
“Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma "Tramp yolu" ilə bağlı bəzi suallar var". Bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. “Tramp yolu” planının həyata keçirilməsinin asan olacağını düşünmürəm. Xüsusilə də Tramp administrasiyasının regiondan minlərlə kilometr uzaqda yerləşdiyini nəzərə alsaq, çoxlu suallar yaranır. Rusiya, Türkiyə və İran - hamısı buradadır. Ona görə də bu yol sülh, əməkdaşlıq yolu olmalı və Ermənistan və Azərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verməlidir", - Cabarov qeyd edib.
Rusiyalı deputat bildirib ki, gələcək nəqliyyat arteriyası bütün tərəflər - həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olmalıdır: “Bu, bir ölkənin hesabına digərinin xeyrinə olan yol olmamalıdır. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı axtarılmalıdır”.
Cabarovun iddiasına görə, Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu “əsas” olaraq qalır: “Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasında bütün problemləri tam həll etmək mümkün olmayacaq. Rusiya sabit Cənubi Qafqazda və həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı ölkə olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, bu ölkələrin inkişafına xidmət etməlidir”.
Ermənistan üçün, böyük sülh və Zəngəzur dəhlizi üçün belə bir təhlükə varmı? Rusiya öz sadiq itlərini hərəkətə keçirməklə nə dərəcədə pozucu niyyətinə çata bilər?
Professor Qabil Hüseynlinin fikrincə, Köçəryan başından böyük qələt edib. Onun sözlərinə görə, kağız parçası dediyi sülh sənədi Ermənistanın gələcəyinin, inkişafının və təhlükəsizliyinin təminatıdır. Müsahibimiz hesab edir ki, Köçəryanın yeri mətbuat konfransı deyil, Araikin yanıdır: “Bu həyasız məxluq seçkiqabağı yenə dirilib. Ona ən yaxşı cavabı elə Paşinyanın müavini verdi və Rusiyadan tapşırıq aldığını açıqladı. Çünki bu tezislər Rusiyanın siyasi mətbəxində hazırlanıb. O nöqteyi-nəzərdən qarşıdakı dövrdə belə axmaq fikirlər hələ çox eşidiləcək”.
Q.Hüseynli qeyd edib ki, Köçəryanın sözü qurtarıb deyə dalay-dalay edir: “Bu sənəddə necə ola bilər ki, Ermənistan uduşla çıxmasın? Əvvəla, bölgəyə və erməni xalqına sülh, sabitlik, əmin-amanlıq gətirir. Burada elə ən böyük uduş odur ki, aramızda bir də müharibə olmasın və Köçəryanın yiyələri münaqişəni qızışdıra bilməsinlər. İkinci uduş Ermənistanın dəhlizdən iqtisadi divident əldə edəcəyi faktıdır. Üstəlik, başqa bir uduş Paşinyanın koridora nəzarəti Rusiyaya verməməsidir. Köçəryan daha nə istəyir? Eyni zamanda Türkiyə ilə sərhədlərin açılması perspektivi var, bu da Ermənistanın tarixi qazancı olacaq. Ona görə də radikal ünsürlərin 8 avqust sənədini təftiş etməyə mənəvi haqqı çatmır, ikincisi, bu təbliğat cəmiyyətdə çaşqınlıq yaratmağa, sülh sazişini spekulyasiya etməyə hesablanıb”.
Professorun sözlərinə görə, Ermənistanda radikalların hakimiyyətə qayıdış şansı sıfırdır: “Onlar xalqın gözündən düşmüş qüvvələrdir. Erməni xalqı Köçəryanın iqtidarda olduğu dövrü yaxşı xatırlayır. Hər şeydən əvvəl əhali səfalət içində yaşayırdı, rüşvət və korrupsiya xirtdəyə qədər idi. Odur ki, Köçəryan, Sərkisyan, daşnak qüvvələrinə yer yoxdur. Üstəlik, ölkənin rusun vassalına çeviriblər, inkişaf getməyib. Bu gün Paşinyan real Ermənistan təklif edir. O baxımdan, seçkidə müxalifətin qələbəsi gözlənilmir. Hətta küçə hərəkatına ciddi dəstək gözləmirəm. Bundan əlavə, əgər müxalifət hakimiyyətə gəlsə belə 8 avqust razılaşmasını poza bilməz. O halda proses sıfırlanacaq və müharibə təhlükəsi yaranacaq. Köçəryanın Azərbaycanla döyüşməyə ordusunun gücü olacaqmı? O səbəbdən də belə bəyanatlar populist fikirlərdir və seçki ərəfəsində diqqəti cəlb etməyə hesablanıb”.
“Yeni Müsavat”