Naxçıvandakı təcili tibbi yardım stansiyalarında dərman qıtlığı yaranıb. Onlara nəinki təcili müdaxilə üçün vacib dərmanlar, hətta spirt, şpris, bint belə verilmir. Bunun üçün ayrılan vəsait isə, yerli səhiyyə nazirinin cibinə axır. Bir qrup təcili yardım əməkdaşı “Gündəlik Naxçıvan”a belə deyir.
Onlar bildirirlər ki, lazımi perepartları növbəyə çıxan həkim və tibb bacılarını öz hesablarına almağa məcbur olurlar:
“Növbəyə çıxanda məcburuq ki, çağırışlara gedək. Çağırışlara gedəndə isə dərman mütləq lazımdır. Heç olmasa, ağrıkəsici, spir, şpris olmalıdır. Məcbur qalıb özümüz alırıq. Özümüz deyəndə insanların çağırışa getdiyimiz zaman hörmət etdikləri 3-5 manatla. Yəni öz pulları ilə alırıq. Çoxumuzdan 5-10 min alıb işə götürüblər. Maaş az olsa da, sürücülər, tibb bacıları, həkimlər rüşvət verib burada ona görə işə düzəlirik ki, növbədə olanda çağırışların hesabına əlavə gəlirimiz olur. Məntəqə sədrləri bizi məcbur edir ki, dərmanları özümüz alaq. Ayrılan vəsait, dərmanlar isə mənimsənir. Bu işə birbaşa Samir Sadıxov nəzarət edir. Yəni pullar nariyin cibinə gedir.”
Bu vəziyyət yerli sakinləri də narahat edir. Sakinlərdən Mehdi Quliyev deyir ki, çağırdığı təcili yardımda həyati əhəmiyyətli dərman olmadığından, ölümlə üz-üzə qalıb:
“Atam müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyim üçün tez-tez təcili tibbi yardıma ehtiyacımz olur. Əvvələr çağırışa gələrkən ürək-damar, allergiya, ağrı, qıcolma və tənəffüs problemləri üçün dərmanların hamısı olurdu. Son dəfə çağıranda dedilər ki, bağışlayın, heç bir dərmanımız yoxdur. Dedim ki, nə qədər istəyirsiz pul verim, atamı ölümdən qurtarın. Baxdım ki, həqiqətən dərmanları yoxdur. Təcili gedib, aptekdən həkim dediyi iynəni alıb gətirdim, vurdular. İndi, qorxudan təcili müdaxilə üçün lazım olan dərmanları alıb evə qoymuşam ki, gələn dəfəyə hazır olsun. Hamısı da bahalı dərmanlardır.”