Ermənistan KİV-i xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə səfər edib. Ermənistan Təhlükəsizlik Şurasının xəbərində deyilir ki, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Yada salaq ki, Qriqoryan bundan əvvəl İrana da səfər edib və orada bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb. Verilən məlumatda qeyd olunur ki, Laricani Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş razılaşmaları alqışlayıb, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Həmsöhbətlər Ermənistan-İran ikitərəfli gündəliyində olan məsələlərə də toxunub, iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunublar. Erməni rəsmini İran Prezidenti Məsud Pezeşkian da qəbul edib.
30 ildən artıq davam edən qarşıdurmaya son qoymalı olan sazişin mətni yazda razılaşdırılsa da, rəsmi Bakı sənədi imzalamazdan əvvəl müəyyən şərtləri yerinə yetirməkdə, xüsusən də Azərbaycana qarşı ərazi iddialarını istisna edən Ermənistan Konstitusiyasına dəyişiklik etməkdə israrlıdır. İrəvan Bakının ərazi iddiaları ilə bağlı ittihamlarını qəbul etmir, lakin Paşinyan bəyan edib ki, onun hökuməti “regional xarakter daşımalı” yeni konstitusiyanın qəbuluna təşəbbüs göstərmək niyyətindədir.
Fransa ABŞ Prezidenti Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında belə qeyd olunub. Bəyanatda bildirilib ki, münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır. Fransa tərəfi həmçinin qeyd edib ki, sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional birləşməyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir.
Bəs İrəvan Bakı əleyhinə müttəfiqləri ilə nə pıçıldaşır, xüsusilə Fransaya səfər bu kontekstdə diqqət çəkir?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a dedi ki, erməni baş nazir odla su arasında qalıb: “8 avqustda Ağ Evdə imzalanan tarixi sənədlər Ermənistana xilas üçün fürsət yaratdı. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasını razılaşdırmaq və iki dövlət arasındakı sülh sazişini paraflamaq İrəvanın yeni mərhələ qədəm qoyması üçün qapılarını açdı. Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması, blokadadan çıxması üçün bir az daha yaxınlaşdırdı. Üstəlik də ABŞ və Qərb tərəfindən təqdir edildi. Lakin bununla belə, İran və Rusiyanın etirazları ilə qarşılaşdı. Bu, gözlənilən idi. Moskva ilə Tehran yaxın müttəfiqi olan Ermənistanın regiona ABŞ kimi kənar oyunçuları gətirməsi, strateji məsələləri onun ixtiyarına buraxması ciddi narazılıq doğurdu. Yaranmış mənzərə həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün problemlər yaratdı. Baş nazir mövcud vəziyyətdən çıxmaq üçün paytaxtlar arasında vurnuxur. Paralel olaraq da Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa can atır. Biz bunu Çində keçirilən ŞƏT-in növbəti sammitində də gördük. Paşinyan və xanımı Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə isti ortam yaratmağa çalışırdılar. Əslində erməni baş nazir özünü iki od arasında hiss edir. Bir yanda Qərb və regional güc mərkəzləri olan Türkiyə və Azərbaycan, digər yanda İran və Rusiya. Əlavə olaraq da Hindistan. Fransanın Ağ Evdəki 8 avqust anlaşmalarından sonra mövqeyinin nisbətən dəyişməsi büruzə verməkdədir. Məncə, Paris Bakı ilə əvvəlki kimi dərin ixtilaflar və qarşıdurmalara getməkdə maraqlı olmayacaq. Anlaşılan odur ki, bu yol Fransa üçün də məqbul deyil və daha çox özü ziyan çəkir. Hər iki dövlətin səfirlərinin birlikdə mesajları, hər halda, belə düşünməyə əsas verir.
Hesab edirəm ki, Fransaya Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səfəri mahiyyət etibarı ilə daxili istiqrarsızlıq və Rusiya ilə İranın bazaları fonunda Paşinyan hakimiyyətinə dəstəyin alınması, həmçinin növbəti etaplar üçün məsləhətləşmələrin aparılması məqsədi daşıyır. Məlum olduğu kimi, təlimatlar indi İrəvana Parisdən gəlir. İrana səfər isə xaraktercə fərqlidir. Düşünürəm ki, bu, İrəvanı sakitləşdirmək, onu yola gətirməkdir. Paşinyan Azərbaycanın tələblərini, yəni konstitusiyasında əks olunan ərazi iddialarını ləğv etməlidir. İstəsə də, istəməsə də bu baş verəcək. İndiyədək İrəvan Bakının bütün şərtlərini gec də olsa yerinə yetirmək məcburiyyətində qalıb. Konstitusiya dəyişiklikləri ilə bağlı da işlərə start verildiyi barədə siqnallar var. Məlumatlara görə, bununla bağlı işçi heyət yaradılıb. Baş nazir və komandası cəmiyyəti buna hazırlamaq üçün ilkin addımları atmaqdadır. Paşinyan indiyədək eşidilməyən və erməni cəmiyyəti üçün xas olmayan bəyanatlar və açıqlamalar verməkdədir. Ancaq ilk növbədə Paşinyan hakimiyyətini qoruyub saxlamalı, onu möhkəmləndirmək üçün sülhə mane olan qüvvələri və səbəbləri aradan qaldırmalıdır”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, sülh prosesində revanşist qüvvələr arxa plana keçməlidir: “Azərbaycanın hərbi qələbəsi ilə Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalarla qlobal miqyasda tanındı, haqlı tələblərimiz qəbul edilərək sənədləşdirildi. Bu çərçivədə həm TRİPP (Tramp marşrutu) adı altında Zəngəzur dəhlizinin açılışı və Naxçıvana maneəsiz hərəkətin təmin olunması bəyan olundu, həm də ATƏT-in Minsk Qrupunun buraxılmasına dair razılıq elan olundu və beləliklə, bu faydasız qurumun fəaliyyəti 1 sentyabrda tarixin arxivinə göndərilməsi ilə yekunlaşdı. Bütün bunların fonunda Avropada mövcud olan tərəddüdlər, təlaşlar da yekunlaşdı. Artıq Avropa da Azərbaycan-Ermənistan sülh quruculuğuna, yeni infrastruktur quruculuğuna fokuslanıb. Elə buna görə avqustun sonunda Bakıda, sentyabrın əvvəlində Ermənistanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono hər iki səfərdə infrastruktur quruculuğuna dəstək göstərilməsində Avropanın ciddi marağını ifadə etdi. Görürük ki, sülh prosesində revanşist qüvvələr arxa plana keçməlidir. Aydındır ki, Ermənistanın daimi müttəfiqi, revanşistlərin havadarı olan Fransanın müəyyən narahatlıqları da var və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "qırmızı xətt" ritorikası ilə çıxış edən İrandan sonra Fransaya səfər etməsi onların Ermənistan-Azərbaycan normallaşma prosesinə dair məlumatlandırılması ilə bağlıdır. Təbii ki, burada arxa planda revanşist qüvvələrin daimi və açıq dəstəkçisi Fransanın mövqeyinin arxa plana keçirilməsi məsələsi də yer alır. Sülh prosesinə dair tarixi günlərin yaşandığı dövrdə Fransa parlamentinə yeni anti-Azərbaycan qətnamə layihəsi təqdim edilib. “Azərbaycanda saxlanılan artsax siyasi məhbuslarının azad edilməsinə çağırış və Fransanın Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi imzalaması” haqqında qətnamə 22 iyulda təqdim olunub və burada işğaldan azad olunmuş torpaqlarımız “artsax respublikası və Azərbaycanın nəzarətində olan bütün ərazilər” şəklində ifadə olunub. 2020-ci ilin şanlı günlərində bu ölkənin parlamentinin keçmiş qondarma rejimin müstəqilliyini tanımasını unutmuruq. Lakin Ermənistan rəsmisinin hazırda Fransanı Azərbaycana qarşı siyasi hücumlara “ara vermək” üçün danışıqlar aparmağa getdiyini təxmin edə bilərik. Lakin eyni zamanda gələcək perspektivdə Fransa ilə Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyən danışıqların aparılacağı da şübhəsizdir. Bu, Ermənistanın silahlandırılmasından tutmuş Qərblə hərbi-siyasi əlaqələrin gücləndirilməsinədək müxtəlif sferaları əhatə edə bilər".
“Yeni Müsavat”