Məhəmməd İmanlı gizlinləri açdı, Ramiz Mehdiyevin onu necə həbs etdirdiyini yazdı...
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə açıq məktub yazıb və Musavat.com-un redaksiyasına göndərib.
Onu da xatırladaq ki, Məhəmməd İmanlı vaxtilə rüşvət ittihamı ilə həbs olunmuşdu. Göndərdiyi məktubda Məhəmməd İmanlı iddia edir ki, başına gələnlərin səbəbi Ramiz Mehdiyev və onun qızı Kamilə Əliyevadır.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Hörmətli Ramiz müəllim, son zamanlar məlum hadisələrlə əlaqədar ünvanınıza – əslində layiq olduğunuzdan – xeyli az qiymət verilir. Bəziləri deyirlər ki, bəs niyə indi? – mən deyim: siz həmişə belə olmusunuz və təəccüblü bir şey görmürəm. Çünki “Lenin babaya” sadiq olanın “apportunizm”, yəni satqınlıq – hər bir vəziyyətdə yalnız öz maraqlarına uyğun hərəkət edən şəxsdən – bundan artıq nə gözlənilməli idi? Sizin ömrünüzdə bir marağınız olub, o da öz marağınız!
Keçən əsrin 70-80-ci illərində, sizi etibar edib yüksək vəzifəyə gətirən Heydər Əliyevin hər sözünə “baş üstə” deyən, ondan sonrakı hakimiyyət dövründə isə arxasınca danışan, onu “baltalayan”, Ulu Öndər yenidən hakimiyyətə gələndə isə onun qapısında oturub qəbuluna düşmək üçün yalvaran, sonra yenə dönük çıxan bir şəxsdən nə gözləmək olar?
Axı çox ayıbdır, siz ölkənin inkişafı deyil, daim onun çökməsi istiqamətində çalışmısınız. Sizin nə özünüz, nə də kəmsavad övladlarınız bu vətəni – adi insanlar kimi – sevmir. Çıxışlarınızda hüquq fakültəsini, onun ləyaqətli professor-müəllim heyətini, tələbələrini aşağılayırdınız. İşçi kimi guya işə qəbul etməyə hüquqşünas tapmırdınız? Görürsünüzmü, indi həmin layiqli, vətənpərvər, o zamanın tələbələri sizin törətdiyiniz bu ağır cinayətin istintaqını aparırlar. Deməli, adamda mənəviyyat olmasa, nələrə desən qadirdir!
Ramiz müəllim, qızınız Kama xanımın bir tapşırığını – mənə “rüşvət almaq” təhrikini – o tapşırığı yerinə yetirmədiyimə görə onun hikkəsinə, sizin əlinizdə olan sonsuz hakimiyyət rıçaqlarınızdan istifadə edərək, əsassız, qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdiniz? Bir Kamanın hikkəsinə görə budurmu sizin ədalətiniz?! Nə gözləmək olar? Dönük-satqın hər yanda, hər kəsə satqınlıq edir. Bu, tarixən sübut olunmuş atalar məsələsidir.
Mənim – özümün, ailəmin, övladlarımın gələcək arzu-istəklərini puç etdirdiniz. Barəmdə qanunsuz hökmlə əlaqədar, hətta general rütbəli, cəmiyyətdə özünü guya cəsarətli göstərən Ali Məhkəmənin keçmiş sədrinə müraciət etdikdə – hansı ki, bir-birimizlə münasibətlərimiz olmuşdur, məni çox yaxşı tanıyırdı – “Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər” – deyib. Bu qanunsuz məhkəmə qərarlarına beləcə göz yumdu. Sizin qorxunuzdan məhkəmə andına dönük çıxdı.
Dövlət sizə hər cür şərait yaratdı – yenə siz dönük çıxdınız. Ramiz müəllim, xeyli yaşınız var. Mən arzu edirəm, daha çox yaşayasınız – qoy bir növ digərlərinə dərs olsun ki, əgər sən “dürüst insan” deyilsənsə, son nəticədə əsl sifətin üzə çıxacaq və lənətlərin, nifrətin mənbəyinə çevriləcəksən! Bu məqsədlə, bu səbəbə görə Allahımız “Əzrailə” belə sizə dəyməməyi tapşırıb. Yəni, son nəticədə, hətta doğmalarınız, övladlarınız belə sizə nifrət edəcəklər.
2007-ci ildə Prezident yanında İdarəçilik Akademiyasında “Kimdir o İmanlı?” sualınıza cavab olaraq – o şəxs mənəm. Sizdən fərqli olaraq, 100-lərlə elmi məqalənin, 30-a qədər dərslik, monoqrafiya və dərs vəsaitinin müəllifi, öz zəhmətimə, əziyyətimə arxalanan professoram.
P.S. Deyirlər, kral sarayının həyətində gül əkmək məqsədilə yer qazılarkən torpaqdan çıxan bir qurd deyir: “Kral sağ olsun, dəymə mənə, yoxsa səni yeyərəm”.
Elə bu sözdən sonra qəzəblənən kral əlindəki bellə onu iki yerə çapıb deyir: “Sən nəsən ki, mənə hədə-qorxu gəlirsən?!” – və onu atır. Qurdun yarısı torpağın altında qalır. İllər sonra kral ölür. Həmin qurd – yarısı qalan – onun tabutuna yaxınlaşır, taqqıldadır. Kral soruşur: “Kimdir?” Qurd isə cavab verir: “Yarı hissəsini kəsib atdığınız qurdun qalan hissəsidir”.
Hazırda ünvanınıza göndərilən müraciətlərdə öz marağınıza görə neçə-neçə evləri yıxdığınız, ailələri dağıtdığınız şəxslərdir. Və görünür, ürəyiniz soyumayıb, hələ də bu əməllərinizi davam etdirmək istəyirdiniz. Sağ olsun müvafiq qurumlar – əsl simanızı müəyyən edib nəhayət üzə çıxardılar.
Professor Məhəmməd İmanlı
musavat.com









