JURNALİSTİKA URNALİSTİKAYA QARŞI!
Dostlar! Saxta xəbərlərin geniş yayılması, kirli “məlumatların” xüsusilə sosial media məkanını getdikcə daha çox zəbt etməsi ilk növbədə Ənənəvi Mediadan çevik və cürətli olmağı tələb edir. Bütün fəaliyyəti başdan ayağa uydurma, böhtan və təhqirlərdən ibarət olan “Made in Azerbaijan”, və s. bu kimi “informasiya” zibilxanaları özünü hər gün daha çox həyasızca aparır. Təkrar edirəm: belə “məlumatlar” yalnız Azərbaycanın düşməni olan qüvvələrin istinadı üçün istehsal edilir. Bu zərərli, zəhərli prosesi xaricdə mənzillənən Məhəmməd Mirzəli kimi tərbiyəsiz, əxlaqsız, antimilli ünsürlər təşkil və idarə edir! PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin bir neçə
ağır maddə ilə ittiham olunaraq ev dustağı edilməsi və ifşası ilə bağlı mövzuların işıqlandırılması fonunda informtullantıların miqdarı da artıb! Azərbaycanın ayrı-ayrı tanınmış şəxslərinin dilindən, cəmiyyətimizin üzdə olan nümayəndələrinin, ictimai-siyasi mühitimizin, parlament həyatının fəal üzvlərinin adından ən həyasız yalanlar yayılır. Sosial şəbəkələrdə zibil əlindən tərpənmək olmur. Böhtan qurbanları, linç hədəfləri arasında millət vəkilləri Zahid Oruc, Günay Ağamalı, Cavanşir Paşazadə, Əli Əhmədov, Elnarə Akimova, Novruz Aslan… və başqaları var. İftiraya, yalana “müəllif” edilən belələrinin sırası uzanmaqdadır. Saxta “məlumat” istehsalçıları öz qarşısında fakta əsaslanan, real mənbələrə istinad edən Əsl Jurnalistikanın etibarlı üzünü, çevik reaksiyasını görmədikcə daha da azğınlaşır. Çirkli İnformasiya Epidemiyası hər bir sahəyə toxunur! İnformasiya ilə işləyən istənilən obyekt risk altındadır. Ona görə də düşmən düşərgənin hədəf seçdiyi hər kəs ünvanına yazılana, yayılana dərhal cavab verməli, xəbər istehlakçısının masasına-doğru olanı təqdim etməlidir.
-Abır, həya, ar pəhrizi vaxtı deyil!
-Susmaq çıxış yolu deyil.
Böhtanın, təhqirin, yalanın yayılma trayektoriyası çox sadədir. Məsələn, haranınsa Məhəmməd Mirzəlisinin biri kiminsə adından uydurma paylaşır, bu “xəbəri” Sevinc Osmanqızı və ya Qurban Məmmədov, Tural Sadıqlı və ya Natiq Ədiloğlu, Qənimət Zahid yaxud bir başqa bizdən olmayan dərhal qapır, emal edir, həqiqətə oxşaması, daha çox şəxsin inanması üçün onu öz platformasından paylaşır. Bir növ yalanı kollektiv imza ilə inandırıcı məlumata bənzədir. Uydurma “xəbərə” inanan isə həmişə tapılır. Təkzib verilmədikcə, cavab çıxmadıqca “zəhər” öz işini görür. Ona görə də hər bir böhtan hədəfi anında reaksiya verməli, təkzib verməyə tənbəllik etməməli, ciddi, etibarlı, ənənəvi media isə “xəbər-tarakanlarla” var gücü ilə mübarizə aparmalıdır. Bazar günü saat 21-00-da “Mir Şahinin vaxtı”nda biz həm də bu mövzuya toxunacağıq. Unutmayaq: bir tərəfdə bizik-JURNALİSTİKA! Bir tərəfdə isə onlar-URNALİSTİKA: ZİBİLQABI. Təmizlik isə bizim işimizdir. Ola bilər ki, üst-başımız batacaq!? Ola bilər! Amma biz gəlin üstümüzü yox, başımızı qoruyaq! Başımız batmasın! Bazar günü saat 21-00. Ramiz Mehdiyevdən zibilliyə qədər hər şeydən danışacam. Niyə Ramiz Mehdiyevdən? Ona görə ki, Ramiz Mehdiyev mövzusundan bir fürsət kimi faydalanaraq altdan-altdan Dövlətimizi, Dövlətçiliyimizi vuranlar da var! Qısası:
Saat 21-00!
Bu bazar günü!
26 oktyabr!
“Mir Şahinin vaxtı”-nda! Görüşürük!
Mirşahin Ağayev - "DİA-AZ"
















