Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun həbsindən 5 il ötür.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Eldar Həsənov, 70 yaşını da həbsxana divarları arasında tamamlayıb.
Hər zaman dövlətə, prezidentə sədaqəti, xidməti ilə tanınan Həsənovun həbsi ilə bağlı müəmmalar hələ də qalmaqdadır.
Eldar Həsənovun yaxın dostu olan, Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov da Gununsesi.info-ya açıqlamasında onun hələ də həbsdə qalmasına üzüldüyünü deyib:
“Eldar Həsənov 5 ildir ki, həbsdədir. Məhkəməsində, həbsdə qaldığı ötən beş il ərzində öz dövlətinə, prezidentinə sədaqətini nümayiş etdirdi. İnanıram ki, bu il onu azadlığa buraxacaqlar. Bu gün onun səhhəti çox pisdir. Saysız-hesabsız xəstəliklərdən əziyyət çəkir”.
Əlövsət Ağalarovun sözlərinə görə, Eldar Həsənov mərhum prezident Heydər Əliyevin yeganə silahdaşıdır ki, həbsdədir:
”Bu il Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan olunub. Eldar Həsənov müstəqil Azərbaycanın Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. Bu gün onun azadlığa çıxması üçün xalq yazıçıları, elm adamları, incəsənət xadimləri cənab Prezidentə müraciət edib.
İnanmaq istəyirəm ki, Cənab Prezidentimiz Kəlbəcərə qayıdış ilində Eldar Həsənovu azadlığa buraxacaq və bu, kəlbəcərlilər üçün ikiqat bayram olacaq”.