Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) adi ilə vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Azad adlı həmin şəxs qurbanlarına özünü ƏƏSMN-nin vəzifəli şəxsi kimi təqdim edib.
O, bu yolla vətəndaşların inamını qazanaraq onlardan birinə əlillik təqaüdü düzəldəcəyini, digər iki nəfərə onların sosial mənzillə təmin olunmasına yardım edəcəyini, iki nəfərə onları hərbi xidmətdən saxlatdırcağını vəd verib. Azad həmin şəxslərdən toplam olaraq 18 548 manat pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına şikayət əsasında Azad saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sabunçu Rayon Məhkəməsində hakim Elnura Rəcəbovanın sədrliyi ilə aparılıb.
Azad məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, həmçinin qeyd edib ki, həqiqətəndə özünü zərərçəkənlərə ƏƏSMN-nin vəzifəli şəxsi kimi təqdim edib.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.