2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyon manat məbləğində investisiya yatırılıb.
Teleqraf xəbər verir ki, ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti idi. Qurum üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb.
İnvestisiya proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb. Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub. Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarının genişlənməsinə imkan verəcək. Müəssisədə 100-dən artıq iş yeri yaradılıb.