"Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa buraxılması üçün əlindən gələni edirlər”.
Modern.az saytı xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti Bakıdə həbsdə olan və ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanla bağlı məqaləsində qeyd edib.
Qəzet yazıb ki, bu yaxınlarda Vardanyanın vəkili Jared Genser ABŞ prezidentinin də bu məsələdə rol oynaya biləcəyini bildirib.
Buna görə də bəzi nüfuzlu ermənilər Trampın qızının əri ilə əlaqə saxlayıb, onunla danışıq aparıblar. Qarşı tərəfə bildirilib ki, ABŞ prezidenti bu məsələni həll edə biləcək azsaylı şəxslərdən biridir. Vaşinqtondan isə deyilib ki, Ermənistanın rəsmi təklifi olarsa, Tram məsələyə müdaxilə edə bilər.
Bu cavab Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Baş nazir Nikol Paşinyana çatdırılıb. Ona bildirilib ki, prezident üçün rəsmi əsas olacaq müraciətə ehtiyac var.
“Hraparak” yazır ki, Baş nazir Nikol Paşinyan belə bir məktubun Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına mane olacağını bildirib. Buna görə də Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməkdən imtina edib.