ABŞ Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib. ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. ABŞ bu dəhlizlə bağlı təşəbbüsü ilə regionda hansı maraqlarını reallaşdırmağa çalışır? Bu addım geosiyasi balansda hansı dəyişikliklərə səbəb ola bilər?
Moderator.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Zəngəzur dəhlizinin faydalarından və strateji əhəmiyyətindən yararlanmaq üçün indi Cənubi Qafqazda qlobal aktorların da iştirakı ilə nüfuz uğrunda daha geniş mübarizənin şahidiyik. Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizinə nəqliyyat-logistika layihəsindən daha geniş anlamada baxmaq lazımdır:
“Son aylarda Azərbaycan və Rusiya arasında diplomatik gərginliyin artması ilə bərabər, ABŞ-ın Zəngəzur dəhlizinin idarəçiliyini ələ almaq səyləri barədə tirajlanan məlumatlar bu məsələnin logistik dəhliz anlayışından kənara çıxdığını və regionda nüfuz uğrunda daha geniş mübarizənin tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, Amerikanın milli maraqlarının müxtəlif regionlarda təmini məqsədini güdən bu niyyət Rusiya-ABŞ mübarizəsini fərqli səviyyəyə keçirə bilər. Çünki xatırlayırıq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməsi göstərilirdi. Bəyanatın yerinə yetirilməyən digər bəndləri kimi, Ermənistan əvvəlcə bu bəndin icrasından yayınsa da, sonradan dəhlizin Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxdı”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Qərbə meyillənməsi fonunda son vaxtlar Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi məsələsinin də daxil olduğu Rusiyanın, ümumiyyətlə, üçüncü tərəflərin iştirakı olmadan danışıqlar başladı:
“Birbaşa olmasa da, bu məsələdə Türkiyə və ABŞ əvvəlcə normallaşmada, sonrakı proseslərdə isə sülh müqaviləsinin imzalanmasında və dəhlizinin açılmasnda maraqlı tərəflər kimi aktivlik nümayiş etdirirlər. Biz bunu Azərbaycan və Ermənistan barədə verilər bəyanatlardan görürük. Rusiyanın Ermənistanın keçmiş müttəfiqi olmasına baxmayaraq, əsasən ABŞ-ın dəhlizə nəzarət niyyəti Moskvanın Cənubi Qafqazdakı mövqelərini daha da zəiflətməyə yönəlib.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən dəhliz öz ərazisi ilə əlaqəsini gücləndirməklə yanaşı, Türkiyə ilə də birbaşa quru əlaqəsi yaradır, eyni zamanda, Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanı da dərinləşdirən faktorlardan biridir. Şərq-Qərb nəqliyyat marşrutunun mühüm hissəsi olan dəhliz, Avropa və Asiya, arasında yük daşımalarını sürətləndirəcək və sadələşdirəcək, bununla da Amerika buradan öz payını ala bilər. ABŞ, eyni zamanda, enerji boru kəmərlərinin və digər infrastruktur layihələrindən yararlanmaqla dividendlər əldə etməyə səy göstərir”.
E.Səftərovun fikirincə, Rusiya, İran və digər regional güclərin maraqlarının burada kəsişməsi də ABŞ üçün Zəngəzur dəhlizinin strateji əhəmiyyətini artırır:
“Sabiq Prezident Cozef Baydendən fərqli olaraq Azərbaycan və Ermənistanala balansı qorumağa çalışan Tramp administrasiyasının dövründə formalaşmağa başlayan bu təşəbbüs Rusiyanı bütün proseslərdən tamamilə kənarlaşdırmaq niyyətinin bir hissəsidir. Görünən odur ki, bu model həm Azərbaycanın təhlükəsizlik təminatçısı tələbinə cavab verə bilər, həm də Ermənistan üçün məqbul sayılır. Çünki İrəvan dəhliz layihəsində Rusiyanın iştirakına qarşı çıxır.
Ermənistanın Rusiyadan uzaqlaşması, Qərb tərəfdaşları ilə gələcəyə hesablanmış layihələrin onlarla həyata keçirilməsi niyyəti, həmçinin Zəngəzur dəhlizi məsələsinin indi yenidən aktiv müzakirəyə qayıtməsi fonunda Rusiyanı regionda təsirini saxlamaq cəhdləri göstərir. Çünki Moskva da anlayır ki, dəhlizə nəzarət Rusiyaya deyil, ABŞ logistika şirkətinə verilərsə, bu, onun Cənubi Qafqazdakı mövqeyini ciddi şəkildə zəiflədəcək”.