Babaşov Şöhrət Adışirin oğlunun rəhbərlik etdiyi 3 şirkət – “Hacıqabul Quşçuluq” MMC (VÖEN: 6802408451), “Coffee Service” MMC (VÖEN: 1503366621) və “Pakdad 2008” MMC (VÖEN: 1505100641) ləğv olunduqlarını açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, “Hacıqabul Quşçuluq” MMC-nin qanuni təmsilçisi Şöhrət Babaşovun qardaşı Nemət Babaşov, “Yumurta No1” kimi tanınan məşhur “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin qanuni təmsilçisidir.
Şirkətin rəsmi saytında bildirilir ki, Zaqafqaziyanın ən böyük yumurta istehsalçısı olan “Hacıqabul Quşçuluq Şirkəti” 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində yaradılıb.
Qeyd olunur ki, illik 150 milyon ədəd yumurta istehsal gücü ilə bu müəssisə ölkəmizin, eləcə də Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır.
“Pakdad 2008” MMC isə paytaxtın tanınmış restoranlar şəbəkəsinə sahibdir. Şirkətin sosial şəbəkə hesabında qeyd olunur ki, “Pak Dad Group” brendi altında 4 “Pakdad” restoranı, həmçinin “Manqal”, “Express Steak”, “Kükü”, “Nargilə”, “Kabab Dünyası”, 7 fastfood obyekti və “BalBadəm” şirniyyat evləri fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl mətbuatda “Sabirabad Quşçuluq” şirkətinin təsisçisi Dilavər Babaşov, qardaşı övladları olan Şöhrət və Nemət Babaşovlardan şikayətçi olduğunu açıqlayıb. Sahibkar bildirib ki, həmin şəxslər onun etibarından sui-istifadə edərək fabriki əlindən almağa çalışıblar.
Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat dəyər qoyulub: “Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini banka qoyacağıq, 8 milyonunu isə sənə verəcəyik. Çox gözlədim, amma heç bir nəticə olmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim”.